2011-ci ilin sonuna Azərbaycan Təhsil Şəbəkəsinə (AzEduNet) qoşulan təhsil müəssisələrinin sayı 1200 çatıb. Bu barədə “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci ilin yekunlarına dair hesabatda deyilir.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə ötən il respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompüter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilib. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunub.
Bundan başqa, Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrində İKT avadanlığına texniki nəzarət və dəstək sisteminin təkmilləşdirilməsi prosesi də həyata keçirilib. Respublika üzrə şəhər və rayonlarda 32 000 ədəd kompüterə texniki xidmət göstərilib. Təhsil müəssisələrinə verilən kompüter avadanlığında 32 min Microsoft Windows XP Pro və Office XP Pro lisenziyalarının, antivirusların və digər istifadədə olan antivirusların lisenziyalarının müddəti uzadılıb.
Müasir texnologiyalar əsasında qurulan interaktiv “Məktəb xəritəsi” proqramı artıq Bakıda fəaliyyətə başlayıb və şəhər üzrə yerləşən təhsil müəssisələri burada öz əksini tapıb. Xəritədə Bakı şəhəri üzrə yerləşən təhsil müəssisələri göstərilmiş, proqram təminatı vasitəsi ilə məktəblər arası məsafə, təhsil müəssisələrinin təsvirləri, məktəb barədə informasiya və sair kimi məlumatları əldə etmək mümkündür.
Kadr potensialının gücləndirilməsi istiqamətində 2011-ci il ərzində 3,7 min nəfər inzibati-idarəetmə heyəti və təhsil sisteminin 21,3 min pedaqoji heyəti, eləcə də 355 nəfər texniki heyət İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş kompleks tədbirlərin həyata keçirilməsi üzrə təlimlərdə iştirak edib.