Oktyabr ayının 4-də “JW Marriott Absheron Baku” otelində “Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər” mövzusunda dəyirmi masa keçirildi. “Təhsil və karyera” sərgisi çərçivəsində keçirilən tədbirdə iştirak etmiş “Azerfon” şirkətinin İnsan resursları departamentinin direktoru Mətanət Babayeva çıxış edərək peşəkar kadrlara ehtiyac, əmək bazarına daxil olan işçi qüvvəsinin iş yerlərinin tələblərinə uyğunluğu, kadrların peşəkarlıq səviyyəsinin artırılmasında istifadə olunan yeni yanaşmalar və bu kimi digər aktual məsələlərə münasibət bildirdi.  


 


Öz çıxışında işçi məmnuniyyəti məsələsinin əhəmiyyətindən bəhs edən Mətanət Babayeva “Azerfon” şirkətində çalışan peşəkar kadrların böyük önəm verdikləri prioritetlərə toxunmuş, karyera imkanları, təlim və inkişaf fürsətləri, stabillik, güzəşt və mənfəətlər paketinin çeşidliliyi, eləcə də kollektiv və komanda işi kimi vacib məqamlardan söhbət açmışdır. Ölkənin əmək bazarındakı qeyri-stabil vəziyyəti qeyd edən xanım Babayeva mütəxəssis kadrların az olduğunu vurğulamışdır. O, əmək bazarında rəqabətin azalmasını namizəd qıtlığı ilə əsaslandırmış, bəzi hallarda heç bir əsası olmayan yüksək əmək haqları və şirkətlər arasında istedadlar uğrunda gedən amansız mübarizəni bununla izah etmişdir.


 


“Azerfon” MMC İnsan resursları departamentinin direktoru kadr planlaması və işçi yetişdirilməsi kimi vacib nüansları təhlil edərkən bəyan etmişdir ki, şirkət kadr ehtiyatını əvvəlcədən özünün inkişaf strategiyasına əsaslanaraq planlaşdırır, təhsil müəssisələri ilə əməkdaşlıq edir və təcrübə mübadiləsi aparır, tələb olunan bacarıqların daxili resurslar hesabına yetişdirilməsinə səy göstərir, ehtiyat kadr rezervinin hazırlanmasına çalışır və gənc rəhbər heyətin peşəkar hazırlığına yönəldilmiş addımları məqsədəuyğun hesab edir.