“Onlayn medianın inkişafına dəstək” layihəsi çərçivəsində keçirilən təlimlərin əsas məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir. İKT və media sahəsində çalışan peşəkar mütəxəssislərin yaxın köməyi ilə keçirilən təlimlər bir həftə davam edəcək.
Təlimlər jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi proqram əsasında keçirilir. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, mobil İnternet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət kimi mövzular öz əksini tapıb. Müxtəlif mətbuat orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə jurnalist ixtisası üzrə təhsil alan tələbələr təlimlərdə iştirak edirlər. Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcəkdir.
Adı çəkilən layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn media müsabiqəsi də hazırda davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixinədək qəbul olunur.
“Nar Mobile” və Multimedia İnformasiya Mərkəzi tərəfindən gerçəkləşdirilən layihə Rabitə və informasiya texnologiyaları nazirliyinin dəstəyi ilə həyata keçirilir.