Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılmış Azərbaycanın elektron xəritəsi GoMap.Az onlayn- naviqatorunun tərtibatçıları mobil qurğular üçün nəzərdə tutulan versiya üzərində işə başlayıblar.
İKT İnformasiya Mərkəzinin məlumatına görə, layihənin mobil versiyası cari ilin mayında Bakıda keçiriləcək Eurovision 2012 mahnı müsabiqəsi ərəfəsində istifadəyə veriləcək.
Qeyd edilir ki, onlayn-naviqatorda obyektivlərin sayı artıq 65 mini ötüb və bununla da GoMap.Az hazırda respublikanın ən müfəssəl xəritəsidir.
Mütəxəssislər xəritənin funksionallığını da artırıblar, xüsusilə nişanlar qoymaqla şəxsi xəritə yaratmaq və ya üzərində qeyd olunmuş obyektlər olan interaktiv xəritə fraqmentini kənar saytlara yerləşdirmək olar.
Hazırda Gürcüstanın da elektron xəritəsinin yaradılması üzərində işlər aparılır və tezliklə GoMap.Az portalı qonşu ölkənin ərazisini də əhatə edəcək.