Elektronika istehsalçıları RS Components və Premier Farnell şirkətləri fevralın 29-da internet-mağazalarda ən ucuz Raspberry Pi kompüteri üçün sifarişlərin əvvəlcədən qəbuluna başlayıblar.
Qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan Raspberry Pi - birplatalı kompüter olmaqla 700 MQhz tezliyində işləyən ARM1176JZF-S prosessor, Full HD təsvir ölçüsünü dəstəkləyən VideoCore IV videosürətləndirici və 256 MB operativ yaddaşa malik Broadcom BCM2835 “çip üzərində sistem” (SoC) ilə yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və HDMI, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin bağlanması üçün 3,5 mm çıxışla təchiz edilib, Cnews yazır.
Hazırda kompüterin yalnız bir versiyasını - Raspberry Pi B modelini sifariş etmək olar. Bu, Ethernet çıxışa və iki USB porta malik, dəyəri 35 dollara yaxın olan tamfunksiyalı modifikasiyadır. Qiyməti 25 dollar təşkil edəcək nisbətən ucuz modifikasiya satışa bir qədər sonra çıxarılacaq.
Qurğunun yaradıcıları kompüterin Böyük Britaniyanın bütün məktəblərində yayılmasını qarşılarına məqsəd qoyublar və bu məsələdə xeyriyyə təşkilatlarının yardımına ümid edirlər. Layihənin əsas məqsədi – uşaqlara proqram kodunu yazmaqda maksimum şərait yaradaraq öz əlavələrini yarada biləcək istedadlı məktəbliləri aşkarlamaqdan ibarətdir.