Azərbaycanın vergilər nazirinin birinci müavini Natiq Əmirov Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Bakıda təşkil etdiyi aylıq işgüzar naharında iştirak edib.



Tədbirin açılış mərasimində çıxış edən “AmCham”ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Fərid İsmayılzadə qonaqları və cənab Əmirovu salamlayıb və “AmCham”la Vergilər Nazirliyi arasında əməkdaşlığa görə nazirlik rəsmisinə minnətdarlığını bildirdi: “Vergilər Nazirliyi ilə daimi əməkdaşlığımız Palatanın üzvləri üçün işgüzar imkanlarını artırır və nazirlik biznes mühiti ilə daha yaxın olması imkanını yaradır”.



Cənab Əmirov çıxış edərək bildirmişdir ki, Azərbaycanın milli iqtisadi inkişaf modelinin memarı və qurucusu olan ulu öndərimiz Heydər Əliyevin ideyalarının cənab Prezident İlham Əliyevin rəhbərliyi altında reallığa çevrilməsi ölkənin keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxmasına, sahibkarlığa hərtərəfli dövlət qayğısının göstərilməsinə səbəb olmaqla yanaşı, Azərbaycanda biznes fəaliyyətinin daha da genişlənməsi və ümumi iqtisadi tərəqqidə özəl sektorun rolunun artmasına əlverişli şərait yaratmışdır.



Cənab Əmirov qeyd etmişdir ki, 280-dən yuxarı şirkəti öz sıralarında cəmləyən “AmCham”la qurulmuş səmərəli münasibətlər biznes mühitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərdə, islahatların işgüzar dairələrin mövqeyindən qiymətləndirilməsi və bizneslə dövlətin ümumi maraqlarının uzlaşdırılması istiqamətində böyük fayda verir. Son illər vergi xidmətində aparılan islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verən cənab Əmirov qarşıya qoyulmuş hədəflərin biznes üçün sadə və əlverişli, dövlət üçün rəqabətli və səmərəli, vergi xidməti üçün inzibatçılıq baxımından asan idarə edilən vergi sisteminin formalaşdırılmasından ibarət olduğunu bildirmişdir.



Cənab Əmirovun sözlərinə görə, Vergilər Nazirliyi vergi ödəyiciləri ilə əlaqələrində tərəfdaşlıq münasibətlərinə böyük önəm verir. Ötən ildən vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin yeni bir formatda - partnyorluq sazişləri əsasında qurulmasına başlanılmışdır. İndiyədək vergi orqanlarına partnyorluq sazişinin bağlanması ilə əlaqədar 3 mindən çox müraciət daxil olmuş, artıq onlardan 80%-i ilə saziş imzalanmışdır. Azərbaycanın vergi sisteminin rəqabət qabiliyyətliliyini artırmaq məqsədilə milli qanunvericilikdə ünvanlı güzəştlər müəyyən edilmişdir.



Bu ilk növbədə, dövlətimizin siyasətinin əsas və prioritet istiqaməti olan qeyri-neft sektorunun inkişafının dəstəklənməsi ilə bağlıdır. Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən, 2013-cü il Yanvarın 1-dən orta və uzun müddətli perspektivdə texnoparkların inkişafının stimullaşdırılması üçün sənaye və texnologiyalar parklarının rezidenti olan fərdi sahibkarlara və hüquqi şəxslərə müvafiq olaraq gəlir, mənfəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulub. 2014-cü ilin Fevral ayında “Asan İmza” layihəsi Brüsseldə, Avropa Parlamentində Azərbaycanın orijinal məhsulu kimi təqdim olunmuşdur.



Cənab Əmirov qeyd etmişdir ki, “Asan İmza” ölkəmizin rəqabətqabiliyyətli və ixrac yönümlü İKT məhsuludur. Hazırda bir sıra ölkələr bu layihə ilə yaxından maraqlanırlar. Bu gün “Asan imza” layihəsi təkcə vergi xidmətinin deyil, ümumiyyətlə xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilmişdir. Onun səmərəli fəaliyyəti üçün Vergilər Nazirliyinin elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzi istifadəyə verilmişdir. Bu Mərkəzin vasitəsilə indiyədək 55 mindən çox “Asan İmza” sertifikatı təqdim edilmiş, 3,5 milyona yaxın əməliyyat həyata keçirilmişdir.



Artıq bir neçə ildir ki, Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" və "Paying Taxes" hesabatlarında Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar aparılan ölkələr sırasında yer aldığını vurğulayan cənab Əmirov, vergi qanunvericiliyinin normalarına riayət edilməsinin sadəliyi sub-indikatorları üzrə Azərbaycanın göstəricilərinin regional göstəricilərlə müqayisədə daha yaxşı olduğunu bildirmişdir.



Azərbaycan biznesə başlama meyarı göstəricinin sadəliyinə görə dünyanın ilk 10 dövləti sırasındadır. Sonra cənab Əmirov tədbir iştirakçılarının suallarını cavablandırıb. Tədbirin sonunda “AmCham”ın Prezidenti İlqar Vəliyev cənab Natiq Əmirova və nazirliyin rəhbərliyinə “AmCham” ilə davamlı əməkdaşlığa görə səmimi təşəkkürünü bildirdi, əlavə olaraq, gələcəkdə birgə işlərin və layihələrin həyata keçirilməsinə ümidvar olduğunu vurğuladı.



“AmCham” haqqında:



Azərbaycanda Amerika Ticarət Palatası – “AmCham” – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. “AmCham” üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.



Web: www.amchamaz.org


Mail: chamber@amchamaz.org