Çingiz Abdullayev ölkəmizdə ən çox bəyəndiyim yazıçıdır. Bəlkə də yazdığı janrı bəyəndiyim üçündür. Bunu da deyim ki, 20-yə yaxın romanını oxuduğum yeganə yazıçıdır, yəni o dərəcədə bəyənirəm. Çingiz Abdullayev: "Qızım 14-15 yaşlarında olarkən əsərlərimdən bir neçəsini oxuyub məndən soruşdu:



– Ata, Dronqo kimdir?


Dedim ki, səncə kim ola bilər? Qızım cavabında dedi:


– Başa düşürəm, məsələn, sənin kimi geyinir, sənin ətirindən istifadə edir, sənin kimi düşünür, sənin tərzində zarafat edir, amma ata, sən onun kimi ağıllı deyilsən axı…"



Qızı Çingiz Abdullayevi yazıçının öz personajı Dronqo qədər ağıllı hesab etmir. Yazıçı daha sonra qızına izah etməyə çalışır ki, axı Dronqo mənim təxəyyülümün, düşüncəmin məhsuludur, necə məndən daha ağıllı ola bilər?!



Mən də yazıçının qızının 15 yaşında düşündüyünü düşünürəm, həm də bu yaşımda. Məncə də Dronqo Çingiz Abdullayevdən, eləcə də Şerlok Holms Artur Konan Doyldan, Erkül Puaro isə Aqata Kristidən daha ağıllıdır. Qısası, Dronqo mənim ən sevimli yazıçım Çingiz Abdullayevi "döyər". Necə ?



1. Çünki, yazıçı personajı hazırlayarkən uzun zamana sahibdir. Yəni, Dronqonun bir neçə saniyədə düşünüb, qərar verib hərəkət etməsini və bizi bu qədər təəccübləndirdiyi, heyran etdiyi səhnələri yazmaq üçün yazıçı bəlkə də saatlarla zaman sərf edir (Deməli, Dronqo daha cəld düşünür, qərar verir və daha cəld hərəkət edir).



2. Çünki, ölümlü olan bir insan bu qədər cəsur ola bilməz (əgər Polat Alemdar deyilsə, baxın, o da personajdır). Dronqo çox cəsurdur, yazıçı onun yerinə qərar verir, onu təhlükəyə atır. Dronqo ölümsüz olduğu üçün bunları edə bilir (Deməli, əslində Dronqo daha cəsurdur).



İndi keçək HR mövzusuna…



Deyl Karneginin çox dəyərli bir fikri var. Deyir ki, hər zaman sizdən gözlənilənin daha artığını edin ki, uğurlu hesab ediləsiniz, insanların gözündə dəyərli olasınız. Bunun da yolu sizdən gözlənilən performansı süni şəkildə şişirtməməkdir. Çünki, sonra bunu yerinə yetirmək də mümkün olmaya bilər. Bəzən namizədlər bunu unudur.



Bir namizədin CV ilə bizə müraciət etdiyini düşünək. Bəzən bu CV bizə o qədər müsbət təsir edə bilər ki (hazırlanma şəkli, yazılış tərzi, dizaynı, istifadə edilən pozitiv ifadələr və s.), bu təsir altında qalaraq namizəd haqqında çox müsbət düşünə bilərik. Namizədlə müsahibə isə bizim əslində yanıldığımızı göstərə bilər. O zaman anlayırıq ki, əslində "CV"dəki insanla qarşımızda bizimlə danışan insan tamamilə fərqlidir. O zaman görürük ki, "CV"dəki insan daha dinamik, daha cəld, daha tez və rasional qərar verə bilən, ani dəyişikliklərə reaksiya verməkdə gecikməyən, daha ağıllı, daha cəsur, daha… daha… dahadır. Bunun bir neçə səbəbi ola biləcəyini düşünürəm:



1. CV daha peşəkar və çox təcrübəli biri tərəfindən hazırlana bilər (Bu məqsədlə fəaliyyət göstərən şirkətlər və müstəqil konsultantlar belə var).


2. "CV"də yalan, şişirdilmiş məlumatlar ola bilər.


3. Namizəd özü haqqında obyektiv qiymətləndirmə etməyə bilər, bununla da özündən də asılı olmadan özü haqqında daha yüksək fikirlər yaza bilər.



Bu faktorları nəzərə alaraq CV və ya namizədə aid olan digər məlumatların (sosial şəbəkə hesablarının, şəkillərin və s.) təsiri altında qalaraq onun haqqında müsbət qərar verilməməlidir (Halo effektində olduğu kimi). Namizəd vəzifənin tələblərinə uyğun olaraq qiymətləndirilməlidir, CV və ya namizəd haqqında məlumatlar deyil, şəxsən namizədin özü.



Yazımın sonunda yenə başa qayıdıram… Bəs Sizcə kim "döyər"? CV, yoxsa namizəd? Dronqo, yoxsa Çingiz Abdullayev?