Molladan ağlamalı məsləhət aldıq…



Böhrandan əvvəl də işlərimiz yaxşı getmirdi. Onsuz da işçilərimiz həm bizdən, həm işlərindən, həm də maaşlarından narazı idi. Böhran da artıq işçilərin səbrini daşıran son damla oldu (damla? bəlkə sunami demək istədin?). Hamı HR-ın qapısına yığıldı, artıq qapını ele hirsli şəkildə döyürlər ki, adam qorxusundan bilmir nə desin. Sağ olsunlar, bəzi işçilər heç qapını döymürlər, bir başa mətləbə girmək üçün salamsız kəlamsız daxil olurlar otağa.



Nə isə. Biz də baxdıq ki, yox, bu iş belə olmayacaq. Heç birimiz də bir yol tapıb bu məsələni həll edə bilmirik. HR-lardan biri dedi ki, bu işi həll edə bilsə, ancaq və ancaq "Molla HR Consultancy" həll edər. Uzun sözün qısası, getdik deyilən ünvana. Molla da bizim kimi avara bekar adam deyil. Əvvəlcədən qəbula yazıldıq və necə deyərlər kəmali-ədəb ilə növbəmizi gözlədik. Axır ki, xeyli gözləyəndən sonra növbə bizə də çatdı. Uzun-uzun dərdimizi danışdıq, "bizə bir çarə" dedik, "Molla əmi".



(Bu arada onu da deyim ki, Mollanın otağı torpaq döşəmə və suvaqsız divardan ibarət idi. Bu otaqda da bircə ağac kötüyü var idi, onun da üstündə Molla özü oturmuşdu, əlində də ağac parçası, ayaqları yalın və torpağın üstündə. Deyəsən bizim kimi böhran Mollaya da necə lazımdır baş çəkmişdi.)



Molla: "Deməli belə…"



Əlindəki ağacla yerdə nə isə cızmağa, çəkməyə başladı. Anladığım qədər bir üçbucaq çəkdi. Üçbucağın hər tərəfinə bir söz yazdı – "işçi", "iş" və bir də "məmnuniyyət". Bir az başını tutub düşündü. Daha sonra da bu üç sözdən birini sildi, o birini yazdı, birini sildi, o birini yazdı. Axırda başını bulaya-bulaya bizə baxdı və dedi: Yox, ay oğul. Odla suyu, Obama ilə Kim Çen Irı bir araya gətirərəm, amma sizin bu üç sözü bir araya gətirə bilmərəm. Bayaqdan baş sındırıram, ancaq olmur ki olmur. Sizin bu üç sözdə bir tilsim var. Eyni zamanda sadəcə ikisi bir arada ola bilir. Sizin üç yolunuz var. Birinci yol – işçi ilə iş (məmnuniyyət yoxdur), ikinci yol – iş ilə məmnuniyyət (işçi yoxdur), ya da üçüncü yol – işçi ilə məmnuniyyət (iş yoxdur). Artıq bu üç yoldan birini seçmək sizə qalır.



Molla əmi bir az da düşündü və dediklərinə bunları da əlavə etdi: Onsuz da böhran var, 3-ü 1 arada çox bahalıdır, ən yaxşısı budur ki, siz elə birinci yolu seçin, 2-si 1 arada ilə davam edin.



Biz də qaldıq 2 arada 1 dərədə.


İndi bilmirik nə edək?!