"Coca-Cola" şirkəti, Azərbaycan Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin(DVC) dəstəyi ilə həyata keçirilən “Youth Inc.” gənclərin sahibkarlıq proqramı çərçivəsində “Öz biznesinə başla!” silsilə təlimlərin bağlanış və mükafatlandırma mərasimi keçirilib. “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində təşkil olunmuş tədbirdə layihə iştirakçıları, proqramın koordinatorlarıvə tərəfdaşları iştirak ediblər.
2016-cı ilin ilk yarısını əhatə edən “Öz biznesinə başla!” layihəsi çərçivəsində 12 ali təhsil ocağı, bir sıra gənclər təşkilatı, eləcə dəbütün “ASAN xidmət” mərkəzlərində və digər təlim-tədris ocaqlarında 36 təlim keçirilməklə 1500 gənc sahibkarlığın əsaslarına yiyələnib.Təlimlərin məqsədi gənclərdə biznes ideyalarının formalaşdırılması, investorların cəlb olunması, maliyyə mənbələrinin tapılması, biznes ideyanın təhlilinin aparılması, biznesin qeydiyyatı və s. mövzularda bilik və məlumatın artırılması olub.
Təlim iştirakçıları arasından biznes təlimçi – multipleyer adını qazanmış 30-a yaxın gənc seçilib. Bu gənclər “Öz biznesinə başla!” layihəsi çərçivəsində nəzəri biliklər öyrədilib, həmçinin auditoriya qarşısında çıxış etmək, kütləni ələ almaq, liderlik bacarıqlarını nümayiş etdirmək və s. bacarıqlar aşılanıb. Daha sonra öyrəndikləri bilik və bacarıqları nümayiş etdirən biznes təlimçilər fəaliyyətləri dövründə öz həmyaşıdları – universitet tələbələri, gənclər təşkilatları nümayəndələrinin qarşısında çıxış ediblər.
Bağlanış mərasimində çıxış edən DVC-nin proqram direktoru Ələkbər Mustafayev keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb: “Sahibkarlığın inkişafı bugünkü gənclərin bu sahə üzrə bilik və məlumatlılıq dərəcəsi, eləcə də bu sahəyə olan maraq və istəklərindən birbaşa asılıdır. Gəncləri sahibkarlığa həvəsləndirməklə Azərbaycanda bu seqmentin davamlı inkişafı üçün çalışırıq. Düşünürəm ki, bundan sonra da sahibkarlığın inkişafı üçün ölkə gənclərinə diqqət ayırmalı, auditoriya üçün sahibkarlıq mədəniyyətini təbliğ etməli, sahibkarlıq ruhunun aşılanması üçün ilkin biliklər verməliyik”.
“Sevindiricidir ki, aramızda özünü və ətrafını inkişaf etdirmək istəyən gənclər var. Yeni dərs ilində təlimçilərimiz yeni mövzularla fərqli hədəf qruplarına öz təlimlərini keçəcək. Proqramın koordinatoru olaraq hər bir kiçik nüansı belə diqqətdə saxlayacağıq”, - deyə “Youth Inc.” proqramının koordinatoru Müşviq Həsənov qeyd edib.
Tədbirdə iştirak edən "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionu üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib: “Çox şadam ki, bu gün “Youth Inc.” proqramı növbəti layihəsini uğurla yekunlaşdırır. Təqdirəlayiqdir ki, proqramın təlimçi gəncləriilk olaraq sahibkarlıq fəaliyyəti, biznes və biznesin əsas elementləri barədə, eləcə dəonun əhəmiyyəti haqqında öyrənib daha sonra digərlərini də məlumatlandırırlar. Gənclərin iqtisadi imkanlarının yüksəldilməsi“Coca-Cola”nın ölkədə fəaliyyətinin başlıca istiqamətlərindən biridir. Məhz buna görə layihənin həyata keçirilməsində əməyi keçən hər kəsə, xüsusi olaraq da təlimçilərimizə təşəkkür edirəm. Onların sayəsində “Coca-Cola”-nın dəstəklədiyi bu proqram Azərbaycan cəmiyyətinə müsbət dəyişikliklər bəxş etməyə davam edir. Növbəti addımlarında proqram iştirakçılarına uğurlar arzulayıram!”
Rəsmi çıxışlardan sonra xüsusi meyarlar, o cümlədən keçirilən təlimlərin sayı, təlimdə iştirakçı sayı, təlim öncəsi və sonrası test nəticələri əsasında aparılandəyərləndirmənin nəticələri açıqlanıb və bütün iştirakçılar sertifikatla, layihə boyu ən yaxşı nəticə göstərən 2 təlimçi isə dəyərli hədiyyələrlə mükafatlandırılıb.
“Keçdiyim təlimlər, qazandığım uğur mənə əsl həyat təcrübəsi oldu. Təlimlər zamanı insanları tanımaq, onlara təsir etmək, informasiyanı düzgün şəkildə ötürmək və geri almağın vacibliyini öyrəndim. Artıq geniş auditoriya qarşısında çıxışımı maraqlı etməyin yollarını öyrəndim. Təşəkkürlər “Youth Inc.!”, -deyə təlimçi Aysel Məmmədova bildirib.
“Uğur xəritəmi çəkdikdə yolumun məhz “Youth Inc.” proqramından keçməsini görmək çox sevindiricidir. Hədəflərimə çatmağa yardımçı olan hər kəsə öz təşəkkürümü və minnətdarlığımı bildirirəm”, - deyə proqramın təlimçisi Elçin Hacıəliyev öz təəssüratları ilə bölüşüb.
“Öz biznesinə başla!” silsilə təlimlərinin bağlanış və mükafatlandırma mərasimini bu link keçid vasitəsilə izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=lUVmtIvcts0
Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən "Youth Inc." proqramı "Coca-Cola", Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. "Youth Inc."in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes layihələr həyata keçirib və 5 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.