İndi yazacaqlarım haqqında çox az adam məlumatlıdır. Bilirdinizmi ki, marketinq üzrə ilk addımınızı beynəlxalq səviyyədə tanınan bir sertifikata sahib olaraq ata bilərsizin? Hə bunu bilirsiniz. Ancaq, bu sertifikatı bizim Bakıda da, hətta hər gün və azacıq xərclə əldə etməyin mümkünlüyü haqqında bilmirdiniz. Keçək mətləbə. Yazımda “Diploma in Marketing” haqqında sizə geniş məlumat verməyə çalışmışam. “Diploma in Marketing” nədir? Neçəyə başa gəlir? Harada bu imtahanı vermək olar?
“Diploma in Marketing” imtahanı Beynəlxalq Kvalivikasiyalar Şəbəkəsi tərəfindən keçirilir. Qazanacağınız diplom Avropa Kvalivikasiyalar İttifaqı tərəfindən tanınır. Yəni Avropa və getdikcə bütün dünyada tanınan bu diplomla marketinq sahəsinə ilk addımlarınızı ata bilərsiniz. İmtahanda bu sahəyə marağı olan hər kəs iştirak edə bilər. Heç bir tələb filan yoxdur. İmtahanı isə əksəriyyətini satış menecerləri, marketinq menecerləri, tələbələr təşkil edən insanlar verir. İmtahana hazırlıq üçün kitablar isə pulsuzdur. Sadəcə iki kitab; biri dərs kitabı, digəri isə test kitabı. Səhifə sayı isə Azərbaycanlı tələbəyə uyğundur. Təxminən 230 səhifəlik kitab və 25 səhifəlik test bankı.
Imtahan qiyməti isə ucuzdur. 99 funt ödəməklə bu imtahana girə bilərsiniz. Allah eləməsin, kəsilsəniz, ikinci dəfə bu imtahan üçün cəmi 49 funt ödəməli olacaqsınız. Çalışın ilk cəhddə uğurlu olasınız. İmtahanda bütün suallar 4 variantlı testlər olacaq. Sualların sayı isə 40-dır. İmtahandan uğurla keçmək üçün siz ən azı 24 suala düzgün cavab verməlisiniz. 25 sualı düzgün cavablandırdığınız təqdirdə siz diplomu almışsınız deməkdir. Imtahanı ancaq ingilis dilində vermək mümkündür. Narahat olmayın!!! Kitabın dili kifayət qədər sadədir. Və əgər siz marketinq haqqında hansısa kitab oxumusunuzsa, başa düşməyinizdə bir problemlə qarşılaşmayacaqsınız. Kitabı isə siz pulsuz endirə bilərsiniz.
İmtahanı Pearson Vue-nin rəsmi imtahan mərkəzlərində verə bilərsiniz. Bakıda isə Pearson Vue-nin bütün rəsmi imtahan mərkəzlərinin adını demək istəyirəm. GRBS, Barattson, Caspel, Azərbaycan Dillər Universiteti. Imtahana hazır olduğunuzu hiss etdinizsə imtahanda iştirak edə bilərsiniz. Imtahan həftənin bütün günləri keçirilir. Hər gün 15 dəqiqəlik intervallarla imtahan üçün qeydiyyatdan keçə bilərsiniz. Imtahan nəticəsini isə imtahandan dərhal sonra öyrəncəksiniz. Əgər sizin balınız 60%-in üzərində olsa, 6 həftə içərisində qeydiyyatda göstərdiyiniz ünvana diplomunuz göndəriləcək.
Artıq siz bu barədə axtarışlar edə bilərsiniz. www.iqnglobal.com internet səhifəsinə daxil olmaqla bütün məlumatları əldə edə və kitabları endirə bilərsiniz. Sizə qalır oxumaq.Xatırladım ki, yalnız bu marketinq diplomunu Azərbaycandan kənara çıxmadan almaq mümkündür. Allahın Azərbaycanında...