Dostlarla həmişə müzakirə aparanda bizdə də marketinq sahəsi ilə bağlı mükafatların olmasının vacibliyindən danışırdıq. Nəinki mükafatlar, hətta çoxdan marketinqə aid jurnalın çıxmalı olduğundan da. Bir vaxtlar marketinq cəmiyyəti buraxırdı, o vaxt Nurgündə işləyirdim və çox həvəslə oxuyurdum. İstər jurnal olsun, istər mükafatlar təsis etmək çox çətin və əziyyətli işdir. Üstəlik bu işin biznes modelini qurmaq da çətindir. Xüsusən bizim oxucular üçün. Nə mükafat olur-olsun heç kim heç vaxt nəticədən 100% razı qalmayacaq. Eləcə də jurnalın kontentindən və keyfiyyətindən.



Yersiz tənqidçilərin adətən şəxsi problemləri olur.



Yersiz tənqidlər də bu işi sadəcə çox sevdiyi üçün görən adamları demotivasiya edir. Ümumiyyətlə, əvvəllər mən insanlarda bu qədər neqativin necə yığıldığını tez-tez düşünürdüm. Qəribə gəlirdi mənə. Amma indi başa düşmüşəm səbəbi sanki. İnsanların indi problemləri daha çoxdur. Üstəlik gənclik təbiətən müxalif yönlü olur, yenilik və köhnə nə varsa, söküb yenidən qurma həvəsində olur. Amma bizdə bildiyiniz kimi bu enerjini çölə çıxarma mənbələri, imkanları az olduğundan yığılan neqativ enerjini tənqidçi ilk gücü çatdığı adama sərf edir. Əslində onun tənqidinin kökündə sizlə bağlılıq yoxdur, şəxsi problemləridir əsas səbəb. Bir sözlə, bu dəqiqdir ki, bir çox yersiz tənqidçilərin ciddi şəxsi problemləri var. Və ya həyatlarının hansısa dönəmində ciddi travma alıblar. Bu da onları ətraflarına qarşı aqressiv edib. Allah köməkləri olsun. Bu belə.



İndi keçim mətləbə. Yaxında elə sosial şəbəkədə, həmçinin dostumuz Xətai Əlidən BOMBA mükafatının təsis edildiyi barədə eşitdim və çox sevindim. Nəhayət çoxdan edilməli bir işi kimsə edir. Kimsə bu məsuliyətin və gələcək onlarla tənqidin qarşısına keçməyə razılaşıb. Bu addımı ancaq alqışlamaq olar.



Daha sonra ətraflı məlumat almaq üçün saytfacebook səhifələrinə göz gəzdirdim. Dizayn və kreativ burada da məni yaxşı mənada təəccübləndirdi. Çox yüksək səviyyədə. Gərək düzə düz, əyriyə əyri deməyi bacarasan. Dizaynlar həqiqətən qəşəngdir.



Nədir BOMBA?



Bu mükafat 2016-cı ildə aktiv olan, böyük izləyici kütləsinə malik olan və onları maraqlandıra bilən aktiv sosial media istifadəçilərinə qismət olacaq. Bilirsiniz ki, indiki dövrdə Azərbaycanda sosial medianın gücü olduqca böyükdür. Televiziyaların, saytların həll edə bilmədiyi problemlər sosial mediada yayılandan sonra qısa müddətdə lazımı yerlərə çatır, həll olunur. Zarafat deyil, Azərbaycanda sosial mediada 2 milyondan çox aktiv insan var. Bugün facebook, instagram, twitterdə elə adamlar var ki, yarım milyondan çox izləyicisi var. Ciddi rəqəmlərdir bunlar. İşini ancaq sosial mediada qurub dolanışığını təmin edəndən tutmuş, sosial medianın qəhrəman etdiyi şəxslər var. Onların bir çox “ünvansız liderlər”dir, hətta. Heç bir rəsmi statusu yoxdur, amma mütləq çoxluq tərəfindən sevilir, izlənilir. Hətta şirkətlərimiz də belə adamlarla kommersiya məqsədli əlaqələr qururlar.



Mükafatın təsisçisi Beat Group-dur. Rəvan Bağırov, DJ Fateh, Xətai Əli və digər adını bilmədiyim şəxslər proyekt üzərində çalışır. O gün, hətta canlı yayımlarına da baxdım. Aşağıda Sizə təqdim edirəm. Ətraflı məlumat veriblər. Mükafatlandırma mərasimi də kifayət qədər təmtəraqlı nəzərdə tutulub. 11 fevral saat 19:00-da Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında olacaq.





Hansı nominasiyalarda qaliblər seçiləcək?



Mükafat bir çox istiqamətlər üzrə olacaq. Nominasiyaları bilmək istəyirsinizsə, sorğuda iştirak edə bilərsiniz. İştirak üçün link – http://bit.ly/bomba-sorgu Nominasiyalar isə 17 istiqamət üzrə aşağıdakılardır:



1. İlin facebook istifadəçisi


2. İlin twitter istifadəçisi


3. İlin instagram istifadəçisi


4. İlin facebook statusu


5. İlin blogeri


6. İlin facebook səhifəsi


7. İlin korporativ facebook səhifəsi


8. İlin instagram şəkili


9. İlin korporativ instagram səhifəsi


10. İlin tviti


11. İlin videoblogeri


12. Sosial şəbəkələrdə ən aktiv dövlət qurumu


13. Sosial mediada ən aktiv ictimai fiqur


14. Sosial mediada ən aktiv musiqiçi


15. Sosial mediada ən aktiv idmançı


16. Sosial mediada ən uğurlu viral


17. İlin memi (Memin yaradıcısı və ya populyarlaşdıranı varsa)



17 nominasiya kifayət qədər çoxdur. Amma yenə də bir çox fərqli nominasiyalar əlavə etmək olar. Onu da dəqiq bilirəm ki, bu işin konstitutsiyası yoxdur, subyektivlik ola bilər, olmalıdır da. İstənilən halda bu mükafat sosial şəbəkə istifadəçiləri və səhifələri üçün bir xeyli motivasiya olacaq. Mükafat ala bilməyənlər növbəti dəfə ən az bu mükafata sahib olmaq üçün çalışacaqlar. İnşallah, əgər hər şey planlaşdırıldığı kimi getsə, belə bir mükafatın olması özlüyündə sosial medianın 2017-ci ildə daha da inkişaf etməsinə, kontentin kreativinin artmasına təkan olacaq.



Nə deyək. Bomba Akademiyasına uğurlar arzulayıram. Sosial medianın inkişafı üçün çox faydalı iş görürlər. Ümidvaram ki, çoxluq da nəticələrdən razı qalacaq. Beat Group sosial mediada işləri ilə həmişə fərqlənib. Təbii ki, yaxşı olardı ki, mükafatı agentlik özü təşkil etməsin. Belə olanda öz yaxşı işlərini də mükafata təqdim etməkdə tərəddüd edəcək, qalib olsalar da digərləri də tərəfdən şübhələrə səbəb olacaq. Halbuki qalib olmağa layiq xeyi işləri var. İnşallah növbəti il təşkilatçılığı daha müstəqil qurum olaraq rəsmiləşdirərlər.



Təşkilatçılara və qaliblərə indidən uğurlar!