Hazırda Helsinki (Finlandiya) şəhərində Millennium Technology Prize 2012 (Minilliyin Texnologiyası) nüfuzlu beynəlxalq elmi mükafatının təqdimat mərasimi keçirilir. Nobel mükafatının analoqu hesab edilən sözügedən mükafatın təqdimetmə mərasimi beşinci dəfədir ki, baş tutur.

Qeyd edək ki, Millennium Technology Prize iki ildən bir təqdim olunur. Reqlamentə əsasən, mükafat insanların həyat tərzini yüksəldən innovativ ideyalara görə verilir.

Bu il mükafata Linux əməliyyat sisteminin tərtibatçısı finlandiyalı Linus Torvalds və 2006-cı ildə dünyada ilk dəfə gövdə hüceyrələrini əldə edən yaponiyalı professor Sinya Yamanaka layiq görülüblər. Mükafata müxtəlif ölkələrdən 40 alimin namizədliyi irəli sürülüb. Onlardan çoxu ABŞ-I, Asiya ölkələrini və əsasən də Yaponiyanı təmsil edirlər.

Mükafatı 2004-cü ildən etibarən Finlandiya Milli Texniki Akademiyası təqdim edir. Builki tədbir digərlərindən iki mükafatçının ayrı-ayrılıqda 1,2 milyon avro məbləğində mükafatlandırılması ilə seçilir.