Facemark.az-ın “Marka tanıtımında və satış həcminin artırılmasında gizli reklamdan – “product placement1”dən necə istifadə etsək daha effektiv sonluq əldə edə bilərik?” sualına Adver.az və PamPam Kreativ Butikinin kreativ direktoru, tanınmış marketoloq, kopirayter, neyminq ustası, 150-ə yaxın şirkət və markaya adının, habelə 200-ə yaxın sloqanın yaradıcısı, “Sevgilim süz” mahnısının söz yazarı Teymur Məmmədov belə cavab vermişdir.


- Hər dəfə “Sevgilim süz” çarxını seyr edəndə ilk jinql təcrübəmi xatırlayıram. Təəssüflər olsun ki, illər ərzində bu sahədə mənim topladığım təcrübədən reklamvericilər az faydalanırlar.


Sirr deyildir ki, ritm və sakit musiqi, harmoniya və eksperissiya duyğulara təsir edən ifa, brendin aurası və enerjisi ilə üzvi vəhdətdə jinql insanın əhvalını dəyişdirir, marka loyallığına güclü dəstək verir. Mən bunun ciddi və effektiv kommunikasiya vasitəsi olduğunu 17 il bundan əvvəl duydum. Sonralar bu resursdan dəfələrlə istifadə etmişəm və effektivliyinə tam əminəm.


İstedadlı və peşəkar ifaçı Aygün Kazımovanın ifasında səslənən mahnı obrazlılığı ilə diqqəti cəlb edirdi və özünəməxsus üslubda çəkilən çarx isə sadəliyi ilə seçilirdi. Sözlər və musiqi bir-birini mükəmməl tamamlayırdı. Rejissor Aqil M. Quliyevin seçdiyi planlar və kameranın hərəkəti xəfif manerada kadra SEVGİLİM şərabını daxil edirdi.


Burada kübar həyat tərzi önə çəkilmirdi, bu bir qlamur da deyildi, duyğularla zəngin olan bir qadın dünyasının bir az nisgilli xatirələri və bir az da payıza doğru yön alan ömür karvanının dincəlmək istəyi önə çıxırdı.


Bir zaman məşhur olan bu klip əslində mövcud qanunvericilik səviyyəsində və müştəri haqlarına toxunmadan həyata keçirilən gizli reklam idi. Sirr deyil ki, çarx yayımlanandan sonra “product placement” kimi vurğulanan məhsulun satışları da dəfələrlə artmışdı.


Yaxşı xatırlayıram. “Gəncə Şərab”ın istehsal etdiyi “Sevgilim” şərabının reklam çarxı çəkiləcəkdi. “Sevgilim” markasının reklamı mahnı üçün mətninin yazılmasını da mənə həvalə etdilər.


Mən çox uzağa getmədim, inandırıcı bir tərz seçdim, minlərlə insanın rastlaşdığı bir həyat hekayəsi söylədim. Sadə dildə, duyğulu və səmimi dil ilə bu hekayəni danışdım və insanlar onu sevdilər... Hər kəs özünə aid olan bir doğmalıq tapdı sanki bu mahnıda...


Yazdığım sözlərə isə bəstəkar Vaqif Gərayzadə mahnı bəstələdi. Sonrakı mərhələdə isə reklam çarxı çəkildi. Bu günə qədər Azərbaycan əhalisi “Sevgilim süz”ü Aygün Kazımovanın oxuduğu uğurlu mahnılardan biri kimi qəbul etdi.


O, qeyd edib ki, tamaşaçılar və diləyicilər mənim reklamçı olaraq buraxdığım “səhvi” düzəltdilər. Mahnının adında - “Sevgilim süz” – də mən sevgilim sözündən sonra vergül işarəsi qoymadım. Çünki mahnıda şəraba xitab olunurdu. Bizə bir SEVGİLİM süz kimi...


Amma görün sonra nə baş verdi. İnsanlar onun adını dəyişdilər, mətndəki “Badə, nə badə” sətrini önə çəkdilər və bu musiqi əsərini belə adlandırdılar. Əslində, bəlkə də insanlar bizim mütəxəssis olaraq marketinq tələbləri çərçivəsində olduğumuzu nəzərə almayıb, daha irəli getdilər...


Önəmlisi budur ki, bu klip, həm sadə insanlar üçün xoş oldu, həm də müştərinin tələblərinə cavab verdi. Digər tərəfdən ölkədə yeni bir şərab brendinin formalaşmasına dəstək verdi.


Bu fakt bir daha təsdiq edir ki, istər klassik və istərsə də müasir texnologiyaya dayanıqlı reklam resursları doğru yerdə və doğru zamanda effektiv olur və verimli işləyir. Odur ki, bu resurslardan yerində və məqamında faydalanmaq önəmlidir. Bu baxımdan “SEVGİLİM SÜZ” çarxı da bir örnək ola bilər.


İndi isə klipə baxın və 17 il əvvələ qayıdın. Bu bir gözəl tarixçədir.


1. Xatırladaq ki, “product placement” – film, mahnının içində istehlakçıya gizli reklamın ötürülməsidir.