İl başa çatanda rəqəmlərin bayramı başlayır. Hesablaşmalar, hesabatlar, hesablar bu zaman kəsimində önə çıxır. Yeni il büdcəsi, məsrəflər və xərclər, habelə gəlirlər proqnozlaşdırılır. Amma heç kəs işçi kollektivlərinin həyatında baş verən prosesləri ciddi olaraq təhlil etmir. Başqa sözlə, kollektivdə komanda ruhu nə qədər möhkəmləndi? Əməkdaşların ümumi biznes ideyası ətrafında həmrəyliyi yeni səviyyəyə yüksəldimi? İşçilərin şirkət dəyərlərinə münasibətdə yeni təkamülə nail olundumu? Timbildinq olaraq kollektiv bir komanda qədər sağlam və iddialıdırmı?


Timbildinq (Eng. Team building – komanda qurulması) - işçi kollektivinin və ya eyni əmək fəaliyyəti ilə bağlı olan insanların komandalaşması prosesidir və bu, daim hərəkətdə və inkişafda olan fasiləsiz prosesdir. Timbildinq hələ ötən əsrin 40-cı illərində Britaniya ordusunda təşəkkül tapmışdır və döyüşçülərdən ibarət komandanın bir məqsəd ətrafında ruh və peşə baxımından sıx birləşməsidir. Belə kollektivdə inam və etibar, səy və şəxsi inkişaf, ümumi nəticəyə hər kəsin verə biləcəyi payı əsirgəməməyi və hər kəsin nəticədən ədalətli sonluq əldə etməsini nəzərdə tutur.



Ötən əsrin 50-ci illərindən başlayaraq, Amerikada timbildinq kollektivlərin bir ideya və missiya ətrafında birləşməsində uzun illər ciddi rol oynamışdır. Timbildinqlərin keçirildiyi müddət ərzində, bu və ya digər kollektivin timbildinqə cəlb olunduğu günlərdə insanlar tarixə ekskurs etməklə, həmin dövrlərin geyimlərində konkret rol oyunları ilə bir əlbir kollektiv olaraq konkret vəzifələrin həllinə can atırdılar. Komanda mənafeləri, öndə olmaq istəyi insanları birləşdirir və effektiv nəticələrə səfərbər edirdi. MDB ölkələrində isə timbildinq biznes-treninqlər formatında özünü tanıda və məşhurlaşdıra bilmişdir.


Bu gün bu mövzu bir də ona görə aktualdır ki, ölkəmizdə həmrəylik günü yaxınlaşır və hamımızın ölkənin idealları ətrafında və bir bayraq altında birləşməyimiz çox önəmlidir.


Timbildinqlərdə şirkət əməkdaşlarına komanda ruhunun təşəkkülü və formalaşması, yeni-yeni şəraitlərdə insanların bir-biri ilə ciddi vəzifənin həllində təmasda olmaları, qərarların qəbulunda çevik və elastiklik nümayiş edirmələri aşılanır. Müasir dövrdə timbildinq daha çoxşaxəli inkişaf edir, biznes həyatının əsas daşıyıcısı olan insan resurslarının ekstremal şəraitlərdə operativ olaraq düzgün qərar vermə bacarıqlarının aşılanmasında böyük rol oynayır. Şirkətin böyük və kiçik olması önəmli deyil. Rəhbərlik missiyası məsuliyyət baxımından öz mahiyyətini şirkət həcmi ilə dəyişmir. Cavabdehlik hər yerdə məsuliyyətə dayanıqlıdır. Əsas odur ki, komanda oyunçusu olmaqla standart vəzifələrin həllində standart olmayan qərarlar qəbul edəsən. Ekspertlər hesab edirlər ki, əsasən timbildinqin məqsəd və vəzifələri bunlardır:


1. Kollektivə vahidlik, təşkilatlanma və sıx birləşmə hissinin aşılanması;


2. Əməkdaşlarda rəqabət hissinin əməkdaşlıq hissi ilə əvəzlənməsi;


3. Kollektiv üzvləri arasında qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması;


4. Komandada güvən və anlaşmanın təmin olunması;


5. “Komanda ruhu”nun yeni səviyyəyə yüksəldilməsi;


6. Komandada üfüqi əlaqələrin möhkəmləndirilməsi;


7. Fəaliyyət motivasiyasının yeni səviyyəyə gətirilməsi;


8. Qeyri-rəsmi səviyyədə müdiriyyətin nüfuzunun möhkəmləndirilməsi;


9. Əməkdaşlarda psixoloji gərginliyin azaldılması.



Timbildinqin keçirilməsi mürəkkəb prosesdir, yaxşı olarda ki, onun kerçəkləşdirilməsi üçün ixtisaslaşmış timbildinq şirkətlərinə və timbildinq təlimçilərinə müraciət olunsun. Əlavə edim ki, idman timbildinqi (ən populyar effektiv istiqamətdir), tarixi timbildinq (tarixi rol oyunları, müəyyən tarixi hadisənin yamsılanması), yaradıcı timbildinq (müxtəlif kreativ tapşırıqlarla insanların kreativ resurslarının üzə çıxarması) və psixoloji timbildinq (bir-birini yaxından tanıma, liderlik keyfiyyətlərinin aşkarlanması) bu gün özünü doğruldan istiqamətlər kimi diqqəti cəlb edir.


Timbildinqdə öncə fəaliyyətdə işlək effektiflikdir. Onun əsas məqsədini super kreativlik yarışmasıd eyil, qarşıya qoyulan konkret vəzifənin daha doğru komanda həllinin tapılmasıdır. Heç kim heç kəsə heç nəyi nümayiş etdirməyə can atmamalıdır. Burada başlıca vəzifə hər kəsin hər kəsə dəstək verməsi ilə komanda qarşısında qoyulan məqsədə birlikdə və daha effektiv vasitələrlə nail olunmanın həyata keçirlməsinə can atmaqdır.



Əvvəlcə timbildinqin vəzifəsi müəyyənləşməlidir. Firmanın daxili iqlimində mövcud problemlərin aşkarlanması və onun əsasında timbildinq vəzifəsinin önə çəkilməsi məsləhətdir. Bu halda məqsəd kiməsə nələrisə sübut və nümayiş etdirməkdən ibarət deyildir, burada söhbət konkret problemin həllinə əməli dəstək göstərmək üçün ümumi işə faydalı olmaqdan gedir.


Komanda yaradılmasında hərbi hiylə.Timbildinqdə bir çox hallarda top-menecerlər iştirak etməyi öz ləyaqətlərindən aşağı sayırlar. Belə olan halda onları özləri hiss etmədən, manevrlərlə hiylə işlətməklə “elan olunmamış müharibəyə” (söhbət timbildinq savaşından gedir) cəlb etmək mümkündür. Onlar özlərini döyüş meydanında hiss edəndə prosesə qoşulmaqdan başqa bir əlacları qalmayacaqdır və bu zaman çox faydalı nəticələrin əldə olunacağına zərrə qədər də olsun şübhə etməyin.


Timbildinq yalnız BRUZ DARTMAQ kursu deyildir. Bu tanış mənzərəni unudun. Bu gün timbildinqin zəngin vasitələr cəbbəxanası var. BRUZ DARTMAQ-Kəndir dartmaq kifayət qədər universal deyildir, fiziki cəhətdən zəif olanları elə bəri başdan uduzulmuş vəziyyətə gətirir. Timbildinqi layiqincə dəyərləndirməyənlərdən uzaq olmaq, hədər yerə zaman itirmək mənasıdır.


Timbildinqi timfun ilə qarışıq salmamalı. Çünki timbildinq kisədə qaçış yarışması da deyildir. Çünki söhbət fərdin aktivliyindən getmir, bu bir yarışma da deyildir. Komandanın formalaşmasının bir mərhələsidir, mehribanlıq və əlbirliyin təntənəsidir, eyni bir məqsəd ətrafında tam fərqli xarakterli və temperamentli insanların birləşməsidir, əlbirliyidir, həmrəyliyidir.



Tam universal həllər yoxdur. Həllərin araşdırılması, tapılması və yenidən yeni həllərin axtarılması və aşkarlanması…Bu sonsuz prosesdir və onun cazibəsi də elə bundadır.


Ən zəngin resurs – həmrəylikdir…Mən həmişə kollektivin bir vacib missiya və məqsəd ətrafında birləşməsinin tərəfdarı omuşam, MƏN yox, BİZ kimi hədəfləri fəth etməyin gücünə inanmışam, daxili rəqabətin idman yarışı və qələbə təyinatlı deyil, daha ciddi biznes üfüqlərinə çatmaq üçün, tutumlu nailiyyətlərə imza atmaq üçün kollektivdə çalışan insan resurslarının səfərbərliyinin mühüm şərti kimi dəyərləndirmişəm. Yeni il ərəfəsində və bayram günlərinə həmrəyliyə xidmət edən timbildinqlərin sayının artırılmasına daha geniş yer verilsəydi, insanlar şirkətlərdə növbəti ildə daha möhkəm birləşə və daha effektiv nəticələr əldə edə bilərdilər. Düşünürəm ki, çoxlu maddi vəsait xərclənən korporotivlərin timbildinqlərlə əvəzlənməsi, yeni və daha mütərəqqi komanda yaratma mexanizmlərindən faydalanmanın tətbiqi bötövlükdə biznesin mənafeyinə xidmət edəcəkdi.


Dünya azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə səmimi arzularla,


Teymur Məmmədov,


Kreativ Direktor