“Apple” şirkəti üçün Almaniya miqyasında qadağa qərarı ötən həftənin cümə günü, yəni yanvarın 4-də rəsmi olaraq qüvvəyə minib. Daha öncə Almaniya məhkəməsi “iPhone 7” və “iPhone 8” modellərinin ölkə ərazisində satışının qadağan olunması ilə bağlı qərar qəbul etmişdi.


Facemark.az xəbər verir ki, “Apple”in “Qualcomm” şirkətinin 1,52 milyard dollar dəyərində olan girov müqaviləsinə imza atması ilə, qərar rəsmi qaydada qüvvəyə minib.


Beləliklə, yanvarın 4-dən etibarən Almaniyanın heç bir mağazasında “iPhone 7” və “iPhone 8”in satışı aparılmayacaq. Hətta “Apple” bu cihazları mağazalarından bir-bir toplayacaq.


“iPhone 7” və 8 niyə qadağan olundu?


“Qualcomm” şirkəti Almaniyada “Apple”a qarşı mülkiyyət haqlarının pozulması iddiası ilə məhkəməyə müraciət etmişdi.
“Apple” bəzi modellərində batareyadan səmərəli istifadə edərək, onun ömrünü uzadan funksiyadan istifadə edib. Amma ən maraqlı nüans odur ki,“Apple”in istifadə etdiyi bu funksiyanı məhz “Qualcomm” kəşf edib.


Xatırlatmaq yerinə düşər ki, daha əvvəl “Apple” üçün ən böyük bazarlardan biri olan Çinin Fuzhou Məhkəməsi “Apple”ın “Qualcomm”un iki patentli məhsullardan istifadə etdiyi bütün “iPhone” modellərinin ölkə ərazisində satışına və idxalına qadağa qoyub.


“Qualcomm”un vitse-prezidenti və şirkətin vəkili Don Rosenberg məsələ ilə bağlı demişdi ki, “ötən iki həftə içində iki fərqli ölkənin qiymətli məhkəməsi “Qualcomm”un patentini təsdiq edib. Onlar “Apple”in mülkiyyət hüququnu pozduğunu açıqladılar. Həmin ölkələrin məhkəmələrinin çıxardığı qərara, əsasən Almaniya və Çin kimi vacib bazarlarda “iPhone”un bəzi modellərinin satış və idxalına qadağa qoyulub”.


“Qualcomm” Amerikanın simsiz telekommunikasiya məhsulları və xidmətlərini hazırlayan və satan beynəlxalq şirkətidir. Kompaniya yarımkeçirici və telekommunikasiya avadanlıqları satır. Onun gəlirlərinin əksəriyyəti isə çip istehsalından və onun mənfəətinin çox hissəsini isə patent lisenziyalaşdırma müəssisələrindən əldə edir. 2017-ci ilin məlumatına görə, şirkətin gəlirləri 22,29 milyard dollar təşkil edib.