“Gartner” şirkətinin 2011-ci ilin sonuna olan tədqiqatlarına əsasən, planşet kompyuterləri idarələrdə kağızlardan istifadəni azalda bilər.
ABŞ, Böyük Britaniya və Avstraliyadan olan 500 istifadəçinin iştirak etdiyi sorğunun nəticələrinə görə, respondentlərin 81%-i planşetlərdən elektron poçtlarını yoxlamaq, 69%-i informasiya əldə etmək, 63%-i hava haqqında məlumat əldə etmək, 62%-i isə sosial şəbəkələrə daxil olmaq üçün istifadə edir. Yalnız 60% istifadəçi belə qurğulardan əyləncə məqsədilə yararlanır.
iPad və ona rəqib digər qurğu istifadəçilərinin yarıdan çoxu kitab, qəzet və jurnal nəşrlərini, həmçinin xəbərləri kağızdan deyil, planşetin ekranından oxumağa üstünlük verirlər. Demək olar ki, sorğuda iştirak edən hər üç istifadəçidən biri planşet vasitəsilə kitab oxuduğunu etiraf etmişdir. Məlum olmuşdur ki, onlardan 13%-i eyni məqsədlə noutbukdan, 7%-i isə mobil telefondan istifadə edir.