30 may tarixində HR Option şirkəti öz müştəriləri ilə görüş keçirib. “Winter Park Hotel Baku”da keçirilən görüşə əllidən çox sahibkar, şirkət rəhbəri və idarəetmə sahəsində peşəkar qatılıb.


Facemark.az-a verilən məlumata görə, görüşün keçirilməsində əsas məqsəd müştəriləri və idarəedicilər arasında tanışlıq və əlaqələrin gücləndirilməsi olub.


Tədbiri çıxış sözü ilə şirkətin təsisçisi və direktoru Xəqani Səfərov açıb. O qonaqları salamladıqdan sonra son bir il ərzində şirkətin fəaliyyəti ilə bağlı bəzi məlumatları bölüşüb. Xəqani bəy qeyd edib ki, HR option şirkəti son bir ildə 20 dən çox şirkətə idarəetmə proseslərinin təkmilləşdirilməsi və insan resursları sisteminin inkişaf etdirilməsi istiqamətində xidmətlər göstərmişdir.


Həmin xidmətlər sırasında şirkətlərin birbaşa əməliyyat və strateji hədəflərinə çatmasına yardımçı olan işçi performansının idarə edilməsi, müəssisədə optimal əmək haqqı sisteminin, karyera inkişaf modellərinin qurulması, işçi məmnuniyyətinin ölçülməsi, idarəetmə sahəsində təlimlərin keçirilməsi və s. kimi 110 dan çox fəaliyyət olmuşdur.


O eyni zamanda qeyd edib ki, xidmət göstərilən müəssisələrdə çalışan əməkdaşların ümumi sayı 57 mindən çoxdur və bu şirkətlər arasında SOCAR, Modern Group, Avrora Şirkətlər Qrupu kimi iri biznes qurumları, Elektron Hökumətin İnkişaf Mərkəzi kimi dövlət müəssisələri də yer alır.


Tədbirdə çıxış edən peşəkar idarəçi, təlimçi və biznes konsultant Fəxri Ağayev, “Modern Group”un baş direktoru Anar Bayramov və biznesin inkişafı departamentinin rəhbəri Rafiq Vəliyev, “SatGroup” şirkətinin direktoru Azad Qəhrəmanov, “158 Taksi” şirkətinin direktoru Talıb Abbaszadə, “Panda School” tədris mərkəzləri şəbəkəsinin təsisçisi və direktoru Elvin Dadaşsoy, “Destec” şirkətinin direktoru Sakit Səmədov, “Flame Tours and DMC” şirkətinin təsisçisi Elnur Mahmudzadə, “Business Service Centre” şirkətinin təsisçisi İkram Fikrətoğlu, “Mazarina” MMC-nin insan resursları direktoru Nərgiz Seyid-zadə, “Fotoxalça” şirkətinin direktoru Orxan Hüseyn HR Option şirkətinin ölkədə biznes proseslərinin inkişaf etdirilməsi və insan resurslarının idarə edilməsi sahəsində özünəməxsus fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirmişlər. Həmçinin şirkətin müştəriləri HR Option MMC ilə əməkdaşlıqdan sonra onların müəssisələrində baş verən uğurlu dəyişikliklərdən danışaraq şirkətlə uzun müddətli əməkdaşlıq niyyətlərini ifadə etmişlər.


Qeyd edək ki, “daha yaxşı həll üçün” şüarı ilə fəaliyyət göstərən HR Option şirkəti ölkədə Biznes və İnsan Resursları fəaliyyətlərinin sistemləşdirilməsi və avtomatlaşdırılması, həmçinin səmərəliliyinin artırılması istiqamətləri üzrə xidmətlər göstərməkdədir.


Fərqli sektorlar üzrə bilik və təcrübələrə sahib peşəkar HR Option komandası yerli biznes mühitini və müasir idarəetmə yanaşmalarını nəzərə alaraq müəssisələrdə işlək struktur və idarəetmə mexanizmlərinin formalaşdırılması, düzgün iş axışlarının müəyyənləşdirilməsi, işçi qüvvəsinin planlaşdırılması, işçilərin işə qəbul edilməsindən azad edilməsinədək onların fəaliyyətinin səmərəli idarə edilməsi, performans əsaslı əmək haqqı, həmçinin kadr kargüzarlığı sistemlərinin qurulması, biznes proseslərinin avtomatlaşdırlması və əlçatan hesabatlılıq sisteminin formalaşdırılması fəaliyyətləri ilə dəyər yaratmaqdadır.