Bildiyiniz kimi ,ölkəmizdə böhran dalğası 2014-cü ildən yavaş – yavaş hiss olunmağa başladı. Lakin neft qiymətlərinin çox kəskin düşməsinə baxmayaraq, manatın məzənnəsi çox böyük valyuta hesabına bağlanıldı. Lakin bu uzun çəkmədi və 2015-ci ilin ilk devalvasiyası oldu.
İnsanlar və şirkətlər böyük şoka düşdülər. Xeyli itki və ziyanlar oldu. İkinci devalvasiya isə 2015-ci ilin dekabr ayında oldu. Artıq sözün əsl mənasında kəskin pul qıtlığı problemi yarandı. Şirkətlər ciddi addım atmağa başladılar. İnsanlarımız daha seçici oldu. Minimum pul kütləsi ilə maksimum qazanc əldə etmək ön plana çıxdı. İnsanlarımızın gəlirləri azaldı.
Şirkətlər üçün şişirdilmiş gəlirlər xeyli azaldı. Bu da özü-özlüyündə böyük layihələrin dayanmasına və “uğurlar”ın azalmasına səbəb oldu. Böhran olduqda bunun həll edilməsi qədər həmçinin atılan addımlar da çox vacibdir. Böhranda gözləmə mövqeyində olmaq olmaz. Böhranda ən böyük investisiyalar təhsilə yatırılmalıdır.
Əgər şirkətdirsə, işçiləri üçün ixtisas təlimləri təşkil etməli və bu sahəyə investisiya etməlidir. Fərdlər isə yenə də təhsilə böyük vəsaitini ayırmalıdırlar. Yastıq altında pul saxlamaqla hər-hansı nəticə əldə edəcəyinizi düşünürsüzsə ,bu yanlışdır. Ancaq təhsilə yatırılan investisiyanın geri qayıtması böyük dərəcədə yüksəkdir. Yəni, bu gün 10 AZN verib kitab alırsınızsa, bu sizə 10 000 AZN olaraq geri qayıdacaqdır. Buna tam əmin ola bilərsiniz.
Həmçinin fərdlər olaraq daha seçici olmalı və xidmətlər alarkən daha diqqətli olmalıyıq. Bunu hər an tələb etməliyik. Şirkətlər müştərilərinin qədrini bilməli və hər cür şərait yaratmalıdır. Müştəri hər zaman haqlıdır. Bəli, bu düzdür. Ola bilər müştəri səhv danışar, amma bu ona şərait yaratmamalıdır ki, şirkət işçiləri kobudcasına cavab versin.
Bu gün müştərilər telefon alır, amma bir anlıq təsəvvür edin ki, xarab detal var, geri qaytarmalıdır. Müştərini buna görə az qala düşmən çıxarırlar. Uzun sürən proseslər, süründürmələr, kobud danışmalar. Ümumilikdə, tövsiyə edəcəklərimdən ən əsas məqamlar şirkət dəyərlərinin işçilərə aşılanmasıdır. Yəni, yeni işçi ilk olaraq təlimlərdən keçirməli və ona şirkətin dəyərləri öyrədilməlidir. Problemli anlarda işin həll olması üçün işçiyə səlahiyyət verilməlidir.
Müraciət edirsən, problemlə bağlı deyirlər ki, “bu bizə aid deyil “x” departamentə yaxınlaşın”. O biri departament deyir ki,”bu da bizə aid deyil”. Beləcə, süründürmələr uzanır.. Həmin şirkətlər bir növ ördək heyvanı kimidir. “VAK” “VAK” səs çıxarır, lakin ortada həll yoxdur. Mənasız sənədlər, mənasız uzun prosedurlar tətbiq olunur. Ümumilikdə, son nəticə olaraq deyə bilərəm ki, şirkətlər və fərdlər böhran dövründə hər addımını hesablamalıdır. Effektiv addımlar yaxşı nəticələrlə sonlanacaqdır.
İlkin Mirzəzadə-İNNAB Peşəkar İnkişaf Platforması ümumi işlər üzrə menecer