Çinin kiçik Kimdecent şirkəti ölçüləri ilə adi USB fləş-kartı xatırladan kompüterin istehsalına başlayıb.
Droid Stick T4 adlandırılan qurğunu yeni sinif kompüterlərə - “mikrokompüterlər“ə aid edirlər. Bununla belə, yeni cihaz göstəricilərə görə hətta bəzi planşet kompüterlərdən üstündür.
Mikrokompüter Android 4.0 əməliyyat sisteminin bazasında işləyir. İstehsalçı bildirir ki, ARM prosessorları ilə işləyə bilən digər ƏS-nin quraşdırılması da nəzərdə tutulub.
Droid Stick T4 1,2 QHs takt tezliyində işləyən ARM Cortex A8 çipi əsasında yığılmış Allwinner A10 mərkəzi prosessor və Mali 4000 qrafik sürətləndirici ilə təchiz olunub. Kompüterin operativ yaddaşı 1 qiqabayta bərabərdir, eləcə də qurğuda 4 giqabayt fleş-yaddaş və microSD formatlı toplayıcılar üçün slot yerləşdirilib. Mikrokompüter monitora və ya televizora HDMI vasitəsilə qoşulur. Həmçinin cihazda USB 2.0 və miniUSB portları yer alıb. 90x20x10 mm ölçülərinə malik kompüterin Çində qiyməti 70 ABŞ dolları təşkil edir.