facemark.az cari ilin dəyərləndirilməsi ilə bağlı kreativ direktor Teymur Məmmədov-dan rəy alıb. Həmin şərhi təqdim edirik.


“Əslində bu suala cavab verməkdə hər zaman çətinlik çəkmişəm. Daha doğrusu, cavab verməkdə deyil, sualın özünün hədəfləmiş olduğu ömür fraqmentini dəyərləndirməkdə tərəddüd etmişəm. Adətim üzrə, ənənəyə sadiq qalaraq deyim ki, bu il ötən ilin, daha dəqiq desək, özümü anladığım zamandan bu yana axan ömrün bütün illərinin məntiqi, fizioloji və sosial-psixoloji davamıdır. Zaman olaraq dünəndən başlayan və sabaha bağlı olan bir ömür kəsiminin, təbii ki, özəllikləri vardır.


Öncə onu qeyd edim ki, www.facemark.az üçün vəd etdiyim ən azı 25 məqaləni yazmışam!


İkincisi, neyminq (adverimi) sahəsində yeni və yaddaqalan işlərim olub. Marka sahiblərinə uğurlar diləyirəm.


Üçüncüsü, oxunulmasını nəzərdə tutduğum müxtəlif mövzulu kitabların sayını üstələyə bilmişəm.


Dördüncüsü, bu il müşavirlik (konsultasiya) sahəsində daha faydalı işlər görmüşəm, təlimçilik istiqamətində isə tempi qismən azaltmışam.


Beşincisi, can sağlığının qayğısına qalmağın zəruriliyini bir daha dərindən anlamışam, bu əvəzsiz nemətdən səmərəli faydalanmanın aktuallığını sözdə deyil, işdə dəyərləndirməkdəyəm.


Altıncısı, Vaqif Gərayzadə və Murad Ariflə “BOSSA NOVA” (bu Latın Amerikası ölkəsi olan Brazilyada geniş rəğbət qazanmış musiqi ritmi və stilidir, caza yaxındır, tarixən mövcud olmuş, amma 50-60-cı illərdən başlayaraq, bəstəkar və ifaçı Antonio Karlos Jobim tərəfindən daha sistemli inkişaf etdirilmişdir) mahnısını ərsəyə gətirdik.



Yeddincisi, yaşanacaq günlərə daha pozitiv baxıram, ölkədə islahatların dərinləşəcəyinə ümid bəsləyirəm.


Xatırladım ki, 2020-ci il onunla əlamətdardır ki, biz 1920-ci ildə itirmiş olduğumuz müstəqilliyin əvəzinə bu 20-ci ilə müasir və inkişafda olan bir dövlət kimi qədəm qoyuruq.


Odur ki, gələn il biznes həyatının daha da aktivləşəcəyinə inamım vardır. Bu da, birinci şərt olraq, istər-istəməz biznesə dəstək verən tərəf kimi qarşımda yeni perspektivlər açacaqdır.


Bu baxımdan yanaşsaq, ikincisi, islahatların yeni ritminə daha effektiv inteqrə olmaq istərdim.


Ücüncüsü, on illər boyu toplamış olduğum orijinal həyat və iş təcrübəmə cəmiyyət tərəfindən tələb artacağına bel bağlayıram, bu əvəzsiz və zəngin irsin lazımınca dəyərləndirilə biləcəyinə ümüdvaram.


Dördüncüsü, əlimdə olan iki kitabın bu il işıq üzü görməsini istərdim.


Beşincisi, gələn il müşavirlik fəaliyyətimin daha effektiv olmasına can atacağam.


Altıncısı, məqalələrin yazılmasında daha məhsuldar olmaq istərdim.


Yeddincisi, planlaşdırılan yeni layihələrin daha uğurlu startına öz payımı verəcəyəm.


Təbii ki, kreativ sənayenin sürətli inkişafı və texnoloji tərəqqi ilə fərqlənən yeni zamanla ayaqlaşmaq və kreativ sənayeyə əhəmiyyətli dəstək vermək istərdim, yeni kitablar oxumaq, bizneslə bağlı proseslərin qaynar həyatından kənarda qalmamaq, trendləri ciddi izləmək, ən başlıcası pozitivliyimə sadiq qalmaq istərdim”.


Teymur Məmmədov,


Kreativ direktor