Facemark.az Rafiq Hunaltayın "Toksik pozitivlik" haqqında yeni yazısını təqdim edir!

Son zamanlar oxuduğum bir çox xarici elmi məqalələrdə tez-tez “toksik pozitivlik” termininə rast gəlirəm. Düzdür, hələ ki, elmi termin kimi işlənmir, amma bir müddət sonra aktiv istifadə ediləcəyinə inanıram. Mənasını başa düşəndən sonra düşündüm ki, ətrafımızda şəxsi və ya iş həyatında özünü daim pozitiv təqdim edən, göstərən insanlar var ki, dərin təhlil etsək, bəzilərində bu real deyil, toksik pozitivlikdir.
Bəs toksik pozitivlik nədir?
Toksik pozitivlik neqativ emosiya və təcrübələri insanın məqsədli şəkildə özündən uzaqlaşdırması, ona qarşı mübarizə aparması və ya inkar etməsidir.
Deyə bilərsiniz ki, burada səhv olan nə var? Səhv olan insanın əslində hiss etdiklərini deyil, süni şəkildə göstərmək istədiyi (reallıqda isə elə deyil) əhvalı imitasiya etməsidir. Qısa müddətdə insanın özünü toparlaması üçün effektiv olsa da, toksik pozitivlik uzun müddət tətbiq edildikdə insanı reallıqdan uzaqlaşdıra, özünə tənqidi yanaşmanı məhdudlaşdıra bilər. Son zamanlar bir çox xanımların instaqram postlarında “good vibes only” həştəqini görürəm. Baxırsan ki, aid oldu-olmadı hər yerdə istifadə edilir və sanki hər şey gözəldir, hər şeyə rəğmən həyat çox maraqlıdır və guya o da bu həyatın hər anından həzz alır. Dediyim kimi bu halın uzun müddət davam etməsi “kütləyə oynama” tandeminin xronikiləşməsinə gətirib çıxara bilər. Biz insan olaraq həyatımızın hər anında pozitiv və ya neqativ emosiyalar, təcrübələr yaşaya bilərik. Hətta özümüzü optimizmə də kökləyə bilərik, amma insan mənəvi rahatlığı üçün əhvalı ilə səmimi şəkildə “üzləşməyi” və bu yolla əslində “o ağrıları sona qədər yaşaya və dadaraq” onları özündən uzaqlaşdıra bilər. Səhv etmirəmsə, psixologiyada da bu cür müalicə metodu var. Alimlər deyir ki, neqativ emosiyalar əslində beyin və ruh üçün nələrin dəyişməli olduğuna yol göstərən önəmli hissdir. Düzdür, dildə demək asan gəlir, tətbiqdə hər kəs fərqli reaksiya verə bilər. Atalar demiş, heç kim sınanmadığı günahın məsumu deyil.
Bu terminin tətbiqini bəzi nümunələrdə təsvir edə bilsək, məncə, daha aydın olar.
Məsələn, deyək ki, biri “iş get-gedə daha çox mənə sıxıcı gəlməyə başlayır” deyir və sizin cavabınız “sən əslində şükür et ki, heç olmasa işin var, işi olmayan nə qədər adam var”. Və ya başqa misal. İnsan özü dərin depressiya içindədir, bəlli problemləri var, amma dostları ilə müzakirələr zamanı “hər şey əladır, çox yaxşıdır, xırda problemlər olur, amma həll edirik” tipli cavablar verir. Əslində hisslərini etibarlı çevrədə səmimi bölüşsə, daha rahatlayar, nəinki neqativ emosiyalarını süni pozitivlə gizləməyə çalışmağa cəhd etməklə.
Reallıqda əsl pozitivliklə toksik pozitivliyi fərqləndirmək lazımdır. Əsl pozitivlik insanın və ya qarşı tərəfin neqativ emosiyalarını inkar etmir. Onu anlayıb, qəbul edir və bundan sonra mövqe ortaya qoyur. Toksik pozitivlik isə bu misalda qarşı tərəfi inandırmağa çalışır ki, əslində sizin yaşadıqlarınız neqativ emosiya və ya təcrübələr deyil, bu hər kəsdə olur, sadəcə özünə inanmalısan, nə bilim şükür etməlisən, “yaxşı gör ki, yaxşı olsun” filan. Amma onu da demək lazımdır ki, bir çox insanlar da var ki, onlar tokisk pozitivlik nümayiş etdirsələr də, bunu əslində şüurlu şəkildə etmirlər. Sadəcə hansısa hadisə və tövsiyə əsasında sorğulamadan yanaşmanı qəbul edib. Yəni çox adamın da haqqına girib toksik pozitivlik nümayiş etdirirsiz demək düz olmazdı. Yazının məqsədi də odur ki, onu oxuyan insanlar bu haqda ən azı təkrar düşünsünlər və növbəti bu keysə uyğun vəziyyətdə daha dərin təhlil edə bilsinlər.
Toksik pozitivlikdən necə xilas ola bilərik?
Zaman-zaman yaşadığımız mənfi, neqativ emosiya və təcrübələrə daha düzgün reaksiya verməyin yollarını mütəxəssislər belə izah edir;
1. İş və şəxsi həyatınızda yaşanan hisslərinizi onun pozitiv və ya neqativ olmasından asaılı olmayaraq olduğu kimi qəbul etmək və özünüzə də bunu bu formada qəbul etdirmək ilk şərtdir.
2. İkinci mərhələdə isə artıq reallığı qəbul etdiyiniz üçün mənəvi rahatlamağınız lazımdır. O da çox yaxın çevrələr və ya konkret şəxslər, şəxslə hisslərinizi bölüşmənizdir.
3. Növbəti mərhələdə isə reallığı qəbul edib, paylaşıb rahatlayandan sonra birlikdə hansı həll yollarının mümkün olduğunu düşünmək və həmin ilk addım nədirsə, hərəkətə keçmək lazımdır.
İndi adını xatırlamıram, amma bir ədibin yaxşı bir sözünü gənc vaxtlarımdan yadımda saxlamışdım: “Daim gülən insanlarla yaxşı davranın, onlar hər-hansı bir yerdə tək olduqda ağlayırlar”. Yəqin ki, cümləni düz xatırlayıram, amma məğzi bu formada idi. Odur ki, əziz dostlar, mənə görə səmimi səhv, qeyri-səmimi düzdən daha faydalıdır.