Çinin İnternet məkanında şayiələrin vüsət alması hökuməti ciddi tədbirlər görməyə vadar edib. “Sinxua” agentliyi xəbər verir ki, Çində İnternet istifadəçilərinin hökumət orqanlarının işi, cinayət, bədbəxt hadisələr və s. haqqında yalan məlumatlar yaymaları bir neçə həbs hallarının baş verməsinə səbəb olub. Məsələn, istifadəçi gəlir vergisinə dəyişikliklər və əlavələrin edilməsi barədə vergi xidmətinin sənədini nəşr etdiyinə görə 15 sutka həbs cəzasına məhkum olmuşdur. Belə ki, vergi xidməti sənədin saxtalaşdırıldığını bəyan etmişdir.
Yalan informasiyaların geniş yayılması ilə mübarizə zamanı Çin hökuməti bir neçə mikrobloqun fəaliyyətini dayandırmış, həmçinin sayt rəhbərlərindən təkzib dərc etməyi tələb etmişdir. Qeyd edək ki, mikrobloqlar Çində kifayət qədər populyardır və onların istifadəçilərinin sayı yüz milyonlarla ölçülür. İnformasiyanı sürətlə yayma imkanına malik olduğu üçün mikrobloqların cəmiyyətdə təsir gücü artır.