Dövrün “ən sevilən” və “ən nifrət edilən” platformaları arasında yer alan “TikTok” hələ də insanların önmühakiməsini qıra bilməyib.


Belə ki, bəli, azərbaycanlı auditoriya üçün platformanın yaxşı tərəflərini görmək çətindir, çünki bəlkə də, yaxşı tərəflər heç vaxt mövcud olmayıb. Fəqət dünya üzərində “TikTok”u düzgün istifadə edən və ən əsası, yaxşı mənbə halına gətirən insanlar xeyli çoxdur.


Bu yazıda həmin insanların və dolayı yolla “TikTok” tətbiqinin sevdiyi məşğuliyyətlərdən birindən - dəbsiz mahnıları yenidən dəbə çevirməkdən danışacağıq.


90-lar uşaqlarının mahnıları ilə böyüdüyü Meray Keri “TikTok” gənclərinin gözündən yayınmayanlarda ilk sıralardadır. 2009-cu ildə “Memoirs of an Imperfect Angel”in tərkibində sevənlərinə təqdim edilən “Obsessed” mahnısı müvəqqəti hal üçün də olsa, bazara hələ yeni daxil olan trekləri geridə qoymağı bacarıb. Belə ki, “TikTok” işə əl atmazdan əvvəl statistikalar göstərir ki, mahnıya aylıq təxminən 110 baxış sayı gəlirdi. Musiqi bazarı öz saydığını saysın, görək platformanın gəncləri nə sayır! Avqustun ilk günlərində mahnı günlük 1000 baxış toplayaraq yenidən “TikTok”un gücünü göstərə bilib. Şübhəsiz, gənclərdən Keriyə gələn dəstək cavabsız qala bilməzdi: Meray Keri “Twitter”də “TikTok”a cavab verməyi də unutmayıb.


Növbədə yenə 90-lar R&B janrının bərkgedən triolarından olan SWV var. 1992-ci ildə “It's About Time”ın əsasında paylaşılmış “Weak” və 1997-ci ildə “Release Some Tension” albomu ilə çıxmış “Rain” mahnıları aktual olduqları dövrlərdə Destiny's Child, Jade kimi qrupların kölgəsində qalsalar da, 2020-ci ildə “TikTok” sayəsində Z nəsli nümayəndələrinin gözündən qaçmayıb. Hazırda bu mahnıların “Spotify”da dinlənilmə sayı 69 milyon (“Weak”) və 19 milyondur (“Rain”). Qrupun aylıq dinlənilmə statistikası isə 3 milyona çatmaq üzrədir.


Xəyallar aləmində yaşamağı sevənlərin sevimli animasiyalı musiqi qrupu Gorillaz “TikTok” cəmiyyətinin yenidən dəb halına gətirdiyi sənətçilərdən daha biridir. 2005-ci ildə musiqi bazarını xəfif şəkildə “yellədən” “Demon Days” albomu “Feel Good Inc.”, “DARE”, “Dirty Harry”, “Demon Days” kimi treklərə ev sahibliyi edir. Və yenə işə “TikTok” platformasının daxil olması ilə birgə dünyanın dörd bir yanından olduğu kimi, yerli dəb bloqerlərinin də kontent yaratdığı “Choose Your Character Challenge (Öz obrazını seç)” “Dirty Harry” mahnısı 15 il sonra yenidən trendlərdə özünə yer etməyi bacardı.


Tarixən bu günə daha da yaxınlaşdıqca “TikTok”un trend dünyasına qazandırdığı mahnılardan biri 2012-ci ildə təqdim edilmiş Alt-J imzalı “Fitzpleasure” mahnısıdır.


Trendlərin və ən əsası gündən-günə dəyişən dünyanın həndəvərində “TikTok” nifrəti artdıqca onun dəyişdiyi gündəm öz çarxlarını işlətməkdən geri qalmır.


Rəqəmsal marketinq bazarını təəccübləndirən proqres mərhələləri ilə “TikTok” tətbiqi daha neçə qocalmış mahnını dəbə çevirəcək, bu sualın cavabını maraqla gözləyirik.


Müəllif: Pəri Abbaslı