“Kitabı dinlə” sosial layihəsi Azərbaycan Respublikasının Beynəlxalq Bankı tərəfindən həyata keçirilmişdir. Layihənin xüsusiliyi kitabların fiziki məhdudiyyətli şəxslər tərəfindən səsləndirilməsidir. Bu dəyərli təşəbbüsün yaranması isə 21 Fevral – Beynəlxalq Ana Dili Günü ərəfəsində baş tutmuşdur. Audio formatında hazırlanmış əsərlər məxsusi olaraq bu layihə üçün yaradılmış www.kitabidinle.az portalına yerləşdirilib. Bunlar Cəlil Məmmədquluzadənin “Hekayələr”i, Sədi Şirazinin “Gülüstan” əsəri, Andre Moruanın “Yad qadına məktublar” romanı və “Çərşənbə gününün bənövşələri” hekayəsidir. İndi hər bir internet istifadəçisi əsərləri bu portalda onlayn dinləyə, yaxud kitabın faylını yükləyə bilər.
İlk mərhələdə kitabları üç iştirakçı - Sevda Səfərəliyeva, Orxan Adıgözəl və Murad Məmmədov səsləndirilsə də sonradan yeni səsləndirən şəxslər də bu siyahıya daxil olub. Bank bu ideyanın reallaşmasına verdikləri dəstəyə görə “Kitabı dinlə” layihəsinin səsləndiricilərini mükafatlandırıb.
İştirakçılardan Sevda Səfərəliyeva fiziki məhdudiyyətli insanlarla bağlı indiyə qədər də müxtəlif sosial proqramlarda iştirakçı olduğunu, səsli kitablarla bağlı belə bir layihəyə isə ilk dəfədir ki, qatıldığını deyib:
“Azərbaycan Beynəlxalq Bankının bununla bağlı elanını görəndə tərəddüdsüz müraciət etdim. Düşünəndə ki, oxuduğum hekayələri kimlərsə dinləyəcək, səsimlə oxunmuş hekayələr on illər qalacaq, bu, adamda xoş hisslər yaradır”.
Orxan Adıgözəl isə çoxdankı arzusunun reallaşmasına dəstək olduğuna görə Azərbaycan Beynəlxalq Bankına təşəkkürünü bildirib:
“Andre Moruanın “Yad qadına məktublar” əsərini özüm bir müddət əvvəl oxumuşdum. Kitabı bitirdikdən sonra bu məktubları hər kəsin oxumasını arzulayırdım. “Kitabı dinlə” layihəsinə qatılarkən məhz “Yad qadına məktublar”ı oxumaq istəyimi bildirdim. Təşkilatçılara minnətdaram ki, arzumu nəzərə aldılar. Azərbaycan dinləyiciləri indi mənim səsimdə bu kitabla tanış ola biləcəklər. Mənim üçün bunun mənəvi dəyəri çox böyükdür”.
Murad Məmmədov da “Kitabı dinlə” layihəsinin onun üçün yeni bir təcrübə olduğunu deyib:
“Gülüstan” əsərinin mətnində əsərin yazıldığı dövrə aid arxaik sözlər çoxdur. Bu da onun oxunmasını bir qədər çətinləşdirirdi. Amma bütün hallarda bacardım. Sevinirəm ki, belə faydalı layihənin bir parçası oldum”.
Digər səsləndiricilərin haqqında məlumatlanaq:
- İlqar Seyidəli oğlu Kazımov - 1982-ci ildə anadan olub. Patrisi Lumumba adına Rusiya Xalqlar Dostluğu Universitetinin Hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. I Avropa Oyunlarında (2015), Formula–1 yarışlarında (2016), İslam Həmrəyliyi Oyunlarında könüllü olaraq çalışıb. Müxtəlif kurslarda iştirakçı olub. Əsas hobbisi ədəbiyyat mütaliəsidir. Ağac üzərində oyma sənəti ilə də məşğul olur. Ağacdan milli musiqi alətlərimizin miniatür suvenirlərini hazırlayır. Rus və ingilis dillərini bilir.
- Kəmalə Sultanəli qızı Babayeva - 1989-cu ildə doğulub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin tələbəsidir.
- Cəmilə Mahir qızı Məmmədli - 1993-cü ildə anadan olub. Kompüter, rəsm, dərzilik kurslarını bitirib. İngilis və rus dillərini bilir. 2015-ci ildə “Qonşu evin işıqları” adlı kitabı işıq üzü görüb. Bir çox qəzet və jurnallarda hekayə və məqalələri dərc edilib.
- Mətanət Elşən qızı Quliyeva - 1997-ci ildə anadan olub. Gəncə Dövlət Regional Kollecini bitirib. İncəsənətə maraq göstərir, rəsmlər çəkir, toxuma sənəti ilə məşğul olur.
- Aqşin Eyvaz oğlu İsazadə - 1990-cı ildə dünyaya gəlib. 2013-cü ildə Mingəçevir Turizm Kollecini bitirib. Texnologiyalara böyük marağı var. Peyk antenlərinin quraşdırılması, təmiri, bərpası ilə məşğul olur.
Beynəlxalq Bankın bu təşəbbüsü, həm fiziki qüsurlu şəxslərə, onların inkişafına dəstək olmuş, həm də layihə daxilində onları bir araya gətirmişdir.
Müəllif: Fidan Əzizova