İnsanlar həmişə hekayələr danışıblar və bu hekayələr gündəlik ünsiyyətimizin vacib bir hissəsidir, lakin hekayələr əyləncədən daha çox məna daşıyır.


Hekayələr bizi əhatə edir. Əslində insanların söhbətinin yarıdan çoxu hekayələrlə başlayır. İnsanlar olaraq hekayələri məlumat və ya ağır faktlardan daha çox və asan qəbul edirik. Çünki hekayələr əlaqə, empatiya qurmağa kömək edir və beyinlərimizə məlumatları daha asan və yaddaqalan formada emal etməyə imkan verir. Əslində, storytelling güclü bir iş bacarığıdır və effektiv şəkildə tətbiq olunduqda, müştərinin sədaqətini qazanmaq, güclü bir marketinq strategiyası yaratmaq, mənfəəti artırmaq və s. kimi bir çox biznes sahəsini inkişaf etdirə bilər.


Biznesdə storytelling niyə vacibdir?


Storytelling bir məqsəd daşıyır və məqsədyönlü müəssisələr digər rəqiblərindən fərqlənir və istehlakçıların sədaqətini qazanırlar. Buna görə hər-hansı bir problemi həll edən bir məhsul və ya xidmətə sahib olmaq kifayət deyil - şirkətinizin rəqiblər arasında önə çıxması lazımdır.


  • Biznesin inkişafı

Biznesiniz üçün bir ideya verəndə bunun arxasında mütləq ki, bir hekayə olacaq - istər yeni bir məhsul hazırlamaqla, istərsə də biznesinizi böyütməklə əlaqəli. Bu hekayəni danışın ki, müştəriləriniz və stakeholderləriniz xidmətinizin və ya məhsulunuzun niyə almağa/investisiya etməyə dəyər olduğunu başa düşsünlər.


Sizin ideyanız bir problemi həll etmək üçün yaradılıb, buna görə bu problemdən necə təsirləndiyinizi və bunun məhsulunuza və ya xidmətinizə necə səbəb olduğunu izah edin. Real həyatdakı situasiyalardan istifadə edərək hekayəni tamaşaçı ilə əlaqələndirdiyinizə əmin olun, çünki bu, onlar üçün məhsullarınız niyə həyatlarına dəyər qatacağını görməyi asanlaşdırır.


Storytelling-i stifadə etmək auditoriyanızın sizinlə bağ qurmasına, sizə və nəticə olaraqda brendinizə etibarlılıq yaratmağa kömək edir. Bu, xüsusən hekayə insanların həyatına çox əlaqəli olduğu zamanlarda baş verir. Belə halda şəxsən əlaqəli olduğu üçün daha asan başa düşülən və daha yadda qalan olur. İnsanlar özlərini bu hekayələrdəki personajların yerində görə bilirlər.


  • Rəqabət üstünlüyü

İndiki dövrdə istehlakçılar o qədər çox məlumata məruz qalır ki, hər-hansı bir biznesin bu qarmaqarışıqlığın içində itməsi mümkündür. Bir müəssisə rəqiblərindən daha yaxşı məhsul sata bilər, amma qərar vermək məntiqdən çox emosiyalara əsaslanan proses olduğundan hekayə danışmaq sizin biznesinizi digərlərindən fəqləndirə bilər.


Tədqiqatçılar Walker və Glenn storytelling-in əhəmiyyətini göstərmək üçün səmimi və məqsədyönlü qısa hekayələr yazaraq əhəmiyyətsiz əşyaları auksiya yolu ilə satışa çıxarmışdılar. Hər biri 1,25 dollara alınan əşyalar məcmu olaraq təxminən 8000 dollara satıldı.


  • Marketinq və reklam

Storytelling güclü bir marketinq strategiyası yarada bilər - insanlar markalar və müəssisələrlə əlaqə qurmaq istəyirlər və ən yaxşı reklamlar bunu insanların həyatıyla əlaqəli olmaqla və ya duyğuları canlandırmaqla həyata keçirir.


Brendinizlə duyğusal olaraq əlaqə quran insanlarla sədaqətlilik yaradır.


Ən yaxşı hekayələr emosional reaksiyalar doğurur - insanlar bu hekayələrlə səmimi münasibət qurur və əlaqələndirirlər və şirkətə, onun məqsədlərinə inanırlar. İnsanlar bir hekayəni dinləyəndə hekayənin qəhrəmanının nə hiss etdiyini hiss edirlər. Ona görə də bir hekayəni tamaşaçı ilə əlaqə qurmaq üçün vasitə kimi istifadə etməyin yaxşı bir yolu sizin və ya şirkətin etdiyi səhv, uğursuzluq və ya bəlkə də həyatın keçmişdə sizin üçün yaxşı olmaması barədə bir hekayə danışmaqdır. Belə olduqda insanlar daha çox əlaqə hiss edəcəklər, çünki hamımız səhvlər və uğursuzluqlar yaşamışıq. Tamaşaçılar sizinlə nə qədər çox əlaqə qursa və ya markanın yaradılmasında nələrin baş verdiyini başa düşsələr, sizi və şirkətinizi daha çox bəyənəcəklər. Unutmayın ki, insanlar bir çox hallarda rasional deyil, emosional qərarlar verirlər. Ona görə də, storytelling ilə duyğuları aşılamaq güclü bir vasitədir. Beləliklə, vizyonunuzu cəlbedici bir hekayəyə dönüşdürün və səmimi bir marketinq strategiyasından istifadə edərək onu aydın şəkildə insanlara çatdırın.


  • Rəqəmlər yaddaqalan deyil

Statistika ağılda qalıcı olmaya bilər, amma heyakələr unudulmur. Hekayə olaraq çatdırılan mesajlar faktlardan 22 dəfə daha yaddaqalan ola bilir. Hekayələr müştəri məlumatları kimi rəqəmləri təsirli bir şəkilə çevirə bilər. Əgər bir təqdimat edirsinizsə, hekayə danışmaq tamaşaçı üçün fasilə olacaq və onlar hər çeyi unutsalar belə ən azından hekayənizi xatırlayacaqlar.


Müəllif: Leyla Kərimova