"Moody's Investors Service"in yeni araşdırmasına görə, Azərbaycan bankları "xərc-gəlir" nisbətinə görə MDB məkanında liderlər arasındadır.


Facemark "APA-Economics"ə istinadən bildirir ki, (əməliyyat xərclərinin əməliyyat gəlirinə nisbəti) 2020-ci ilin yekunlarına əsasən bu göstərici Azərbaycan bank sektorunda 43% təşkil edib və ölkə Ukrayna (75%), Belarus (52%), Rusiya (45%) və Özbəkistan (45%) kimi ölkələri qabaqlayıb.


Sözügedən əmsalın aşağı olması biznesin daha gəlirli olmasından xəbər verir.


Bu göstəricinin Azərbaycanda sözügedən ölkələrdən daha yaxşı olmasının səbəbini "Moody's" yerli banklarda adətən ən çox əmək və xərc tələb edən pərakəndə bankçılığın həcminin ümumi fəaliyyətin yarısından azını təşkil etməsində görür. Bundan əlavə, xərclərin optimallaşdırılması çərçivəsində yerli banklar filiallarının və işçilərinin sayını azaldır.


Lakin agentlik bildirir ki, hazırda böyüməkdə olan pərakəndə bankçılıq seqmenti xərcləri artıra bilər və "xərc-gəlir" nisbətinə pis təsir edə bilər.


"Moody's" hesab edir ki, artan rəqəmsallaşma yerli bankların pərakəndə biznesin genişlənməsində yaranan xərcləri kompensasiya etməyə kömək edəcək və komissiya və digər haqlarını artırmağa sövq edəcək.


Beləliklə, agentliyə görə, Azərbaycan banklarının xərclərinin səmərəliyi rəqəmsal bankçılığın həcminin artmasından bəhrələnəcək.


Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, 2021-ci ilin I yarım ili ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 58,5%, mobil bankçılıq xidmətləri vasitəsilə aparılan köçürmələrin həcmi isə 2,4 dəfə artaraq müvafiq olaraq 59 mlrd. və 1,6 mlrd. manata çatıb. Cari ilin ilk yarısında bank müştərilərinin cari hesablarından aparılan köçürmələrin ümumi həcmi isə 93,3 mlrd. manat təşkil edib.