Martın 14-ü ADA Universiteti ilə ölkəmizdə təhsilin inkişafına böyük önəm verən "Bank Respublika" arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənədin imzalanmasındakı əsas məqsəd tərəflər arasında qarşılıqlı maraq kəsb edən sahələr üzrə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin təmin edilməsidir.


Sənədi ADA Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə və “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov imzalayıblar.


Fariz İsmayılzadə ADA Universitetində tələbələr tərəfindən irəli sürülən “start-up” təşəbbüslərinin, eləcə də cəmiyyət üçün faydalı innovativ layihələrin icrasına önəm verildiyini vurğulayıb. Biznes mühitində təmsil edilən şirkətlərlə əməkdaşlığın daim genişləndiyini qeyd edən Prorektor əlavə edib ki, İnformasiya Texnologiyaları, kompüter mühəndisliyi, böyük verilənlər sahəsində mütəxəssilər yetişdirən ADA Universitetinin 30 illik fəaliyyət keçmişinə malik “Bank Respublika” ilə əməkdaşlığı Universitet üçün önəm daşıyır.


Ümumilikdə 1200-dən artıq qurumla əməkdaşlığa malik “Bank Respublika”nın ölkəmizdə insan kapitalına əsaslanan biznes modelinin qurulmasını dəstəklədiyini, bu istiqamətdə gedən prosesi sürətləndirmək üçün Bank nəzdində İnformasiya Texnologiyaları laboratoriyası təsis edildiyini nəzərə çatdıran Tariyel İsmayılov əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirən ADA Universiteti ilə əməkdaşlığın səmərəli olacağına əmin olduğunu bildirib.


Memoranduma əsasən, tərəflər elmi və praktiki məlumat və bacarıqların mübadiləsini təmin edəcək, tələbələrin müvafiq istiqamətlər üzrə davamlı inkişafına fayda verəcək menecment, bank işi və maliyyə sahəsində birgə tədbirlər və sosial məsuliyyəti artıran layihələr icra edəcək, xüsusilə də, özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcəklər.


Memorandum çərçivəsində ADA tələbələri istehsalat təcrübəsində iştirak edəcək, onların Bankın filial şəbəkələrinə səfərləri təşkil ediləcək, Bankın əməkdaşları isə Universitetin tədris prosesinə cəlb olunacaq və ADA tərəfindən təşkil edilən İxtisasartırma proqramlarında iştirak edəcəklər.


Anlaşma Memorandumu ADA-nın tələbə və məzunlarını Bankın mövcud vakant yerləri barədə məlumatlandırmaq üçün Universitetdə “Karyera günləri” keçirilməsini də nəzərdə tutur. Bununla yanaşı, ikitərəfli əlaqələrdə davamlılığın təmin edilməsi, həmçinin müvafiq peşə sahələrinə uyğun kadr potensialının gücləndirilməsi istiqamətində tələbələrin kurs və buraxılış işləri, magistrantların dissertasiya mövzuları Bankın həyata keçirdiyi layihələrin məzmunu ilə əlaqələndiriləcək.