«Əməkdaşlar iş yerində susmuş olsalаr dа, içəridə baş verənləri çöldə dilə gətirəcəklər»


Şirkətin İctimaiyyətlə əlaqələr (PR) fəaliyyətinə haradan başlamalı?


Şirkətin (məhsulun yox) PR fəaliyyəti şirkət daxilindən başlamalıdır. İlk addım əməkdaşları könüllü olaraq şirkətin PR-çısı edə bilməkdir. Bunu etmək çətin deyil.
Şirkəti əvvəlcə şirkətin içində olanlara sevdirmək lazımdır. Çöldən görüntü nə qədər mükəmməl olsada, ictimaiyyətə nə qədər gözəllik göstərilsədə şirkətin içini içdən görənlər şirkətin əməkdaşlarıdır. Əsla unutmaq olmaz ki, əməkdaşlar da ictimaiyyətdəndir. Onların evdə, çayxanada, məclislərdə söz açıb, söhbət etdikləri ailə fərdləri, qonşuları, qohumları, dostları, yaxınları da ictimaiyyətdəndir.


Əməkdaşlar iş yerində hansısa səbəblərdən susmuş olsa belə, içəridə baş verənləri çöldə dilə gətirəcək. Şirkətin öz daxilində nüfuzu yoxdursa, şirkət öz imici ilə əməkdaşları üçün sevimli, əzəmətli və etibarlı deyilsə onda təsəvvür edin ki, PR üçün sərf edilən əmək, zaman, maddi vəsait və s. uçmaq təhlükəsində olan binanın üzünə bəzəkli fasadın çəkilməsi kimi mənasızdır.


Şirkətin hər vəziyyətində əməkdaşlarının işinə sevgi və sədaqətlə çalışmasını təmin etmək üçün PR əvvəlcə daxildə tətbiq edilməlidir. Hansısa bir gün kənardan şirkət üçün gələ biləcək istənilən təyziqə sinə gələ, öz iş yerini qoruya bilər əməkdaşlar.


Şirkətin PR-ından məsul olan menecerlərlə HR-menecerləri arasında koordinasiyalı iş birliyi olmalıdır. HR-menecerlərin əsas işi şirkət daxilində olan əməkdaşları məmnun etmək, şirkətdə iş mühitini normallaşdırmaq, şirkəti çalışmaq üçün ən arzu edilən şirkətlərdən biri etməkdirsə, PR-menecerlərin əsas işi isə, şirkətin daxilində HR-menecerlə kordinasiyalı şəkildə şirkət əməkdaşları üçün şirkətin imicini formalaşdırmalıdır.


Eyni zamanda da PR-menecerlər ölkədə və dünyada şirkətin imicini yaradıb, onun qorunub saxlanmasını təmin etməkdir. PR-menecerlər şirkətin içindən və çölündən gələ biləcək istənilən imicə yönəlik təhlükəni vaxtında təyin edib, onun qarşısının alınması üçün adiyyatı şöbələri məlumatlandırmalıdır.