Bank sistemi üzrə aprel ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 130 min ədəd artaraq 11 milyon 901 min ədəd təşkil etmişdir.
Facemark.az Banco.az-a istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artmışdır.
Ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil etmişdir.
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1.6 milyon ədəd artmışdır.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artmışdır. 2022-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 1 milyard 659 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 1 milyard 270 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 387 milyon manatı POS-terminallar vasitəsilə gerçəkləşdirilmişdir. Aprel ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi ölkədaxili əməliyyatların 41.1%-ni təşkil etmişdir.