İndiyə qədər Azərbaycan Özbəkistana 64 milyon ABŞ dolları, Özbəkistan isə Azərbaycana 18,5 milyon ABŞ dolları investisiya qoyub.


Facemark.az "Report"a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Özbəkistan biznes forumunda Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti Jalə Hacıyeva bildirib.


Onun sözlərinə görə, Özbəkistanda 40-dan çox Azərbaycan şirkəti, Azərbaycanda isə 53 Özbəkistan şirkəti qeydiyyatdan keçib.


"Azərbaycan şirkətləri Özbəkistanda biznes qurmaqda çox maraqlıdılar", - o deyib.


Özbəkistanın Ticarət-Sənaye Palatasının sədr müavini Farhodjon Toşbulotov isə deyib ki, Azərbaycan şirkətləri ölkəsinə daha 16 milyon dollar investisiya qoymaq, yekun rəqəmi 80 milyon dollara çatdırmaq istəyir.


Onun sözlərinə görə, Azərbaycan kapitallı kommersiya qurumları Özbəkistanda əsasən, turizm, müxtəlif məhsulların satışı, neft məhsullarının istehsalı, Özbəkistan kapitallı kommersiya qurumları isə Azərbaycanda əsasən elektrotexnika, avtomobil və tekstil sənayesi üzrə fəaliyyət göstərirlər.


2021-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin dəyəri 11,9 milyon ABŞ dolları təşkil edib. Bu, 2020-ci illə müqayisədə 36% çoxdur. Son 5 il üzrə dinamika isə 5 dəfədir.


Bugünki biznes-forumda Özbəkistan tərəfi 19 şirkətlə təmsil olunur.