Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, Bank özünün inkişaf tempini daha da sürətləndirmiş və dinamik inkişafını davam etdirərək, ölkənin bank xidmətləri bazarında lider mövqelərini möhkəmləndirmişdir.
“1 iyul 2022-ci il tarixinə bankın aktivləri 1,378 milyard manat çatmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank dayanıqlı inkişaf üçün kifayət qədər yüksək məbləğdə kapital ehtiyatına malikdir. Belə ki, Bankın məcmu kapitalı 14% artaraq 106,7 milyon manat olmuş və minimum məcmu kapital normasını təqribən 2 dəfə üstələmişdir.
“2021-ci ilin birinci yarımilliyi ilə müqayisədə Bankın xalis faiz mənfəəti 58% artaraq 38,78 milyon manata, xalis əməliyyat mənfəəti 3 dəfə artaraq 14,5 milyon manata, xalis mənfəəti isə 12,5 milyon manata çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66% çoxdur.
Hesabata əsasən, Bankın kredit portfelinin 70%-i Bank üçün prioritet sahə olan real sektordan olan müştərilərin maliyyələşdirilməsinə yönəlmiş biznes kreditləri təşkil edir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlığın kreditləşdirilməsinə yönəldilmiş kredit portfeli 48% artmışdır. Diqqət çəkən müsbət məqamlardan biri də odur ki, keçən ilin sonu ilə müqayisədə qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq 0,77% təşkil etmişdir.
Bankın depozit portfeli 822,3 mln.manat təşkil etmişdir, bu isə ölkə bankları arasında depozit portfelinin həcminə görə ən böyük göstəricilərdən biridir. Bu öz növbəsində böyük sayda müştərilərin Bank Respublikaya tam olaraq etibar etdiyini bir daha təsdiq edir.
Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın beş aparıcı bankından biridir. Bankın səhmdarları arasında Almaniyanın ən böyük maliyyə institutu - Sparkassen International Development Trust (Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü) var. Bank Azərbaycanın bank sektorunda ən yüksək beynəlxalq reytinqlərdən birinə - "Müsbət" proqnozlu "B3" reytinqinə (Moody's) malikdir.