“Bank Respublika” ASC və Niderland İnkişaf Bankı (FMO) növbəti irihəcmli kredit müqaviləsi imzaladılar. İki qurum arasında əməkdaşlıq 2006-cı ildən davam edir. Bu müddət ərzində əməkdaşlığı inkişaf etdirərək bir sıra mühüm anlaşmalara imzalar atılıb.


Bu dəfə, Niderland İnkişaf Bankı (FMO) və “Bank Respublika” ASC arasında son illərin ən iri məbləğli kredit müqaviləsi imzalandı. Müqaviləyə əsasən Banka 20 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək. Cəlb olunan vəsait aqrar sahədə kiçik və orta sahibkarlığın (KOS), o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsində istifadə olunacaq. Hal-hazırda regional xidmət şəbəkəsini genişləndirən Bank Respublika bu krediti regionlarda çalışan və xüsusən də kənd yerlərində fəaliyyət göstərən sahibkarlar üçün böyük məbləğdə kreditlərin əlçatanlığın artırılmasına yönəldəcək.


“Qürurverici haldır ki, Avropanın ən böyük maliyyə qurumlarından biri olan FMO artıq 16 ildən çoxdur ki bankımızın stabil və etibarlı maliyyə partnyorlarından biridir. İnanıram ki, həm bu müddət ərzində cəlb etdiyimiz vəsaitlər, həm də bugünkü - 20 milyon USD dəyərində olan anlaşmamız, nəinki bankın biznes portfelinin inkişafına, həmçinin ölkənin ümumi real sektoruna böyük dəstək olacaq və ölkədə yeni iş yerlərinin yaradılmasında imkanlar yaradacaq.”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.


“İrihəcmli kredit razılaşması imzalamaqla çoxdankı tərəfdaşımız Bank Respublika-ya bir daha dəstək verməkdən məmnunuq. Müqavilə məbləği tam olaraq gənclər və qadınlar tərəfindən yaradılan mikro, kiçik və orta müəssisələrin, eləcə də kənd təsərrüfatı KOM-lərının maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da bizim strateji hədəfimiz olan “Bərabərsizliyin azaldılmasına” 100% uyğundur. Eyni zamanda, bu razılaşma DİM 5 - gender bərabərliyi və Azərbaycan üzrə iş yerlərinin yaradılması və saxlanmasına dair DİM 8-ə uyğundur ki, bu da öz növbəsində kreditin əhəmiyyətini vurğulayır. Bank Respublika ilə əməkdaşlığımızın bundan sonra da davam etdirilməsinə ümid edirik”, - deyə FMO-nun İnvestisiya Direktoru Huib-Jan de Ruyter bildirib.