NASA və Axiom Space ilə birgə hazırlanmış yeni kosmik kostyum təqdim edilib.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, yeni hazırlanmış skafandr kosmonavtlar tərəfindən Ayda və kosmik missiyalarda istifadə olunacaq. NASA-nın insanları Ay səthinə geri göndərmək və Ay səthində daimi bir stansiya qurmaq üçün həyata keçirdiyi Artemis layihəsinin üçüncü mərhələsi olan Artemida III-də astronavtlar bu kostyumda Ayın cənub qütbündə gəzəcəklər.
NASA Artemida III missiyasında Ayın cənub qütbünü tədqiq etməyi hədəfləyir. İlk dəfə Ayın cənub qütbünə enəcək astronavtların bu missiyada elmi işlərlə yanaşı, bir sıra Ay gəzintiləri də həyata keçirmələri planlaşdırılır . Ayın atmosferi çox nazik olduğundan, astronavtların missiya zamanı xarici təzyiqin aşağı olduğu bir mühitdə sağ qalması üçün xüsusi geyim lazımdır.
Bu məqsədlə Axiom Space şirkəti NASA üçün Axiom Extravehicular Mobility Unit (AxEMU) adlı yeni skafandr hazırlayıb . Bildirilir ki, yeni skafandr həm kosmik agentliklər, həm də kommersiya kosmik şirkətləri tərəfindən istifadə edilə bilər.
Qeyd edek ki, hazırlanmış skafandr həm kişi, həm də qadın astronavtların bədəninə uyğunlaşdırılıb.