ABB-nin tərəfdaşlığı ilə ADA Universitetində növbəti “Karyera Həftəsi”nə start verilib. Aprelin 19-a qədər davam edəcək “Karyera Həftəsi”nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.


ADA-nın hər il ənənəvi qaydada keçirdiyi “Karyera Həftəsi”ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.


“Karyera Həftəsi”nin açılışında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib. O, özünün təhsil, karyera və fərdi inkişaf təcrübəsini tələbələrlə bölüşüb. Uğur qazanmaq üçün gəncləri qarşılarına böyük hədəflər qoymağa və hər gün məqsədlərinə doğru ardıcıl addımlar atmağa çağırıb: “Özünəinamın gücü, sevdiyiniz işlə məşğul olmaq və daim öyrənərək dəyişmək sizi mütləq hədəflərinizə çatdıracaq. ADA Universiteti ilə birgə təşkil etdiyimiz bu “Karyera Həftəsi” kimi tədbirlərin də gələcəyiniz üçün nə qədər böyük fürsətlər olduğunu vurğulamaq istərdim. Belə tədbirlər tələbələrə gələcək karyeraları üçün çox faydalı biliklər qazandırır, bir çox zəruri bacarıqlarını inkişaf etdirir, müxtəlif qurumlardan olan peşəkarlarla işgüzar əlaqələr qurmaq imkanı yaradır. Belə tədbirlərə dəstəyimizlə istedadlı gənclərimizə yeni imkanlar yaratmaqdan ABB olaraq qürur duyuruq”.


ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş “Karyera Həftəsi”nə 20-dən çox qurum qatılıb. Tələbələr qarşıdakı günlər ərzində bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyəcək, gələcək karyera həyatları üçün faydalı məlumatlar alacaqlar.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.