ABŞ administrasiyası ölkənin ən mühüm proqram təminatını qorumaq üçün süni intellektdən istifadə edəcək iki illik müsabiqəyə başlayıb.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Ağ Evdən verilən açıqlamada qeyd edilib ki, Süni İntellekt Kiber Yarışması (AIxCC) süni intellektdən istifadə edərək proqram təminatının təhlükəsizlik zəifliklərinin müəyyən edilməsinə və korreksiyasına töhfə verəcək.
Açıqlamada bildirilib ki, Müdafiə Qabaqcıl Araşdırma Layihələri Agentliyinin (DARPA) rəhbərlik etdiyi müsabiqə Anthropic, Google, Microsoft və OpenAI kimi bir çox aparıcı süni intellekt şirkətləri ilə əməkdaşlığı əhatə edəcək.
Bəyanatda vurğulanıb ki, AIxCC, Amerikaya enerji verən elektrik şəbəkələrindən tutmuş, gündəlik həyatı idarə edən nəqliyyat sistemlərinə qədər internetdə və bütövlükdə cəmiyyətdə istifadə olunan proqram təminatının təhlükəsizliyini təmin etmək üçün süni intellektin potensial faydalarını nümayiş etdirəcək.
Komandaların 2024-cü ilin yazında seçmə tədbirdə iştirak edəcəyinə diqqət çəkən açıqlamada ən çox xal toplayanların pul mükafatı alacağı və yarışın 2025-ci ildə final mərhələsinə qədər davam edəcəyi bildirilib.
Keçən ay ABŞ administrasiyasının texnologiyanın yaratdığı riskləri idarə etmək üçün yeddi aparıcı süni intellekt şirkətindən könüllü öhdəliklər aldığını açıqladığını xatırladaraq, eyni zamanda Amerikanın məsuliyyətli süni intellekt innovasiyalarını prioritetləşdirməsinə kömək edəcək bir tənzimləmə üzərində işlədiyi ifadə edilib.