Nitq və səsli ünsiyyət sahəsində işlərini sürətləndirən Roblox, bu sahədəki işlərini gücləndirmək məqsədi ilə yeni alışa imza atıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Roblox tərəfindən verilən məlumata görə, şirkət səs texnologiyalarına diqqət yetirən Speechly startapını alıb. Onu da əlavə edək ki, Roblox və Speechly arasındakı satınalma müqaviləsinin maliyyə detalları ilə bağlı heç bir məlumat paylaşılmayıb.


Hannes Heikinheimo, Janne Pylkkönen, Markus Lång və Otto Söderlund tərəfindən 2016-cı ildə Helsinkidə qurulan Speechly səs və nitq yönümlü texnologiyalar hazırlayır. Speechly-nin təkliflərinə səsli söhbətin idarə edilməsi, real vaxt transkripsiyası və Voice API daxildir.


Speechly-nin ən vacib məhsullarından biri olan Voice API şirkətlərə məhsullarına süni intellektlə dəstəklənən səs interfeysi əlavə etməyə imkan verir. Onu da əlavə edək ki, Speechly bu günə kimi 2 milyon avro investisiya alıb. Y Combinator təşəbbüsü olan Speechly investorlarına Cherry Ventures, SNÖ Ventures, Seedcamp, TQ Ventures, Cherry Ventures, Quantum Angels, Joyance Partners, Social Starts, Tiny.vc, Juha Paananen və Nicolas Dessaigne daxildir.


Onu da xatırladaq ki, gündəlik 65,5 milyondan çox aktiv istifadəçisi olan Roblox, təxminən 2 il əvvəl platformasına səsli söhbət xüsusiyyətini gətirəcəyini açıqlamışdı. Speechly-in alınması ilə Roblox səsli söhbət və süni intellektlə dəstəklənən səsli söhbətin moderasiyası üzrə işlərini sürətləndirəcək.