Bu yaxınlarda Sankt-Peterburqda “Apple” şirkətinin banisi Stiv Cobsun şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilib. Hündürlüyü 188 santimetr olan abidə iPhone 4 smartfonunun modeli şəklində hazırlanıb.
iPhone-un ön panelində yerləşən sensor ekran vasitəsilə layihənin saytına daxil olmaq mümkündür. Buarada həmçinin, Cobsun tərcümeyi-halı və onun çıxışlarının video görüntüləri ilə tanış olmaq olar. Arxa paneldə isə Cobs haqqında sayta daxil olmaq üçün QR-kod yerləşir.
Abidənin sensor ekranı -30°C-yə qədər temperaturda işləmək qabiliyyətinə malikdir.
iPhone-un maketinə abidənin yaxınlığında olan insanları lentə alan kamera da quraşdırılıb. Eləcə də abidənin yerləşdiyi ərazi Wi-Fi şəbəkəsi ilə təmin olunub.
Qeyd edək ki, Stiv Cobs mədəaltı vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkdiyinə görə, 2011-ci ilin avqustunda “Apple” şirkətinin baş direktoru vəzifəsindən getmiş, həmin il oktyabrın 5-də isə dünyasını dəyişmişdi.