Peter Schreyer eyni zamanda iki Koreya avtobrendinin dizaynı üçün cavabdeh olacaq. Rəsmi xəbərdə deyildiyi kimi Kia Motors-un baş dizayneri Hyundai Motor Company-nin dizayn mərkəzinə başçılıq edir. Yanvar ayında Schreyer Kia Motors-un ilk əcnəbi prezidenti oldu.
Dizayner on ildən çox Volkswagen Group-da işləyərək Volkswagen Passat və Audi TT kimi modellərin yaradılmasında iştirak edib. 2006-cı ildə Peter Schreyer Kia Motors-a gəlib. Bu illər ərzində onun komandası Sportage, Optima, K7, Quoris, Picanto və Rio kimi modelləri təqdim edib.
"Dizayn brendin dəyərinin gücləndirilməsində əsas rol təşkil edir" - deyə Hyundai Motor Group-un Koreya araşdırma və inkişaf mərkəzinin vitse-prezidenti Woongchul Yang bildirib. Onun sözlərinə görə, Schreyer-in təcrübəsi Kia və Hyundai şirkətlərinin avtomobil bazarında liderlər olmasına kömək edəcək.
Qeyd edək ki, Kia Motors və Hyundai Motor Company Hyundai Motor Group-a daxildir.