Microsoft korporasiyası Windows 8 əməliyyat sistemini aşağıdakı tələblərə cavab verəcək planşetlərdə quraşdırılmasına icazə verəcək: displeyin təsvir ölçüsü 1366x768 pikseldən az olmamalı. Həmçinin qurğu azı 5 düyməyə, yəni qida, ekranda təsvirin avtomatik dönməsinin bloklaşdırılması, səs ucalığının tənzimlənməsi üzrə 2 düyməyə və Windows Phone 7 smartfonlarında olduğu kimi Windows düyməsinə malik olmalıdır. Bu halda Windows düyməsi istənilən formada – dairəvi, kvadrat, düzbucaqlı və s. ola bilər. Lakin mütləq 10,5 mm. diametr ölçüsündə olmalıdır.
Minimal tələblər Microsoft-un saytında dərc edilən sənəddə göstərilib. Lakin bu o demək deyil ki, sistem parametrlərə uyğun olmayan qurğularda işləməyəcək. Sadəcə olaraq Microsoft onları sertifikatlaşdırmayacaq, Cnews yazır.
Yuxarıda sadalananlarla yanaşı, Windows planşetlərdə 720p formatında çəkiliş apara bilən kamera, WLAN, Bluetooth 4.0 və USB 2.0 (azı 1 port), akselerometr, maqnitometr və hiroskop quraşdırılmalıdır.
Tələblər arasında eyni anda azı 5 toxunuşun (multi-touch texnologiyası) dəstəklənməsi, Direct3D 10 və WDDM 1.2 drayverin dəstəklənməsi, işıqlandırma sensoru və quraşdırılmış dinamiklərin mövcudluğu da yer alıb. Bundan başqa, planşet istifadəçisinin fayl və əlavələr üçün 10 giqabayt boş yaddaşdan istifadə etmək imkanı olmalı, eləcə də NFC texnologiyası (NFC-nin dəstəklənməsi mütləq şərt deyil) quraşdırıldıqda kompüterə müvafiq yarlıq yapışdırılmalıdır.
Bununla yanaşı, korporasiya tədarükçüləri UEFI yükləmə texnologiyasından yararlanmağa məcbur edir. ARM arxitekturalı prosessorlarla təchiz edilən planşetlərdə bu texnologiyanı söndürmək mümkün olmayacaq. Bu səbəbdən planşetdə kənar əməliyyat sistemlərinin quraşdırılması qeyri-mümkündür.