Eurovision-2012 mahnı müsabiqəsi ərəfəsində Bakı və Abşeron yarımadasında telekanalların yayımı tamamilə rəqəmsal formata keçiriləcək. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən şənbə günü keçirilən kollegiya iclasında nazir müavini İltimas Məmmədov deyib.
Onun sözlərinə görə, analoq formatda yayım dayandırılacaq.
“Eurovision-2012” mahnı müsabiqəsi başlayanadək Bakı və paytaxt ətrafında analoq siqnalın yayımı tamamilə dayandırılacaq. Ölkənin digər regionlarında da tədricən rəqəmsal formata keçid təmin ediləcək”, - İ. Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, yüksək təsvir ölçülü (HD - High Definition) televiziya və radio kanalları işə salınacaq. Hazırda bu istiqamətdə işlər Azərbaycanın İctimai Televiziyası (İTV) ilə aparılır.
“Bu formatı biz 3 kanal üçün hazırlamışıq, lakin digər yayımlayıcılarda bu formatda verilişlərin çəkilməməsi ilə əlaqədar olaraq biz bu işləri hələ ki Azərbaycanın İctimai Televiziyası ilə aparırıq. Eurovision-2012 müsabiqəsinin çəkilişləri də HD formatında yayımlanacaq, eləcə də radio kanallar HD formatında işləyəcək”, - İ. Məmmədov vurğulayıb.
İTV telekanalı Azərbaycanda Eurovision-2012 mahnı müsabiqəsinin təşkilatçısı və yayımlayıcısı qismində çıxış edir.