Yaponiyanın şin istehsalçısı "Bridgestone" istehsal etdiyi havasız təkərləri təqdim edib. Şirkətin istehsal etdiyi yeni təkərlərdə termoplastik qatran maddəsindən istifadə edilib. Bu barədə çərşənbə axşamı Trend Türkiyə mətbuatına istinadən məlumat verir.


Bu maddə hər cür hava şəraitinə dözümlülüyü ilə seçilir. Maddənin quruluşunun sıx olması avtomobilin ağırlığı altındakı təkər sisteminin çökməsinin qarşısını alır.


Təkərin özünəməxsus quruluşu təkərlərdə təzyiqdən qaynaqlanan partlamanı əngəlləyir. Bununla da təkərin partlaması səbəbindən yolda qalmaq problemi aradan qalxır.


Hələlik havasız təkərlərin 22 santimetrlik variantı hazırlanıb və kiçik avtomobillərdə istifadə edilir. Şirkət belə təkərlərin çeşidini artıracağını açıqlayıb. Təkərlərin satışı isə yaxın müddətdə mümkün olacaq.