Körfəz ölkələrindən cəsur bir bankçılıq cəhdi: regional iş adamlarından, yerli bir bankdan və kral ailələrindən ibarət olan bir qrup, Avro Bölgəsinin ilk İslam bankını yaradacaq. Bank Avropadakı Müsəlman müştərilər üçün fəaliyyət göstərəcəkdir.



Adının “Eurisbank” olması planlaşdırılan və 60 milyard avro ilkin sərmayəsi olacaq bank, Paris, Brüksel, Amsterdam və Frankfurtda filialarını açmağı nəzərdə tutur. Bankın təsisçiləri Lüksemburqda bank fəaliyyəti üçün lisenziyası almaq üçün müraciət ediblər.



Gələn ilin son rübündə açılması planlaşdırılan bank korporativ və fərdi bankçılıq xidmətləri göstərəcəkdir. İslam maliyyəsi son illər yüksəlişdədir və maliyyə mərkəzləri, qlobal Müsəlman ictimaiyyətində şəriətə uyğun məhsullara olan və gedərək artan tələb üçün rəqabət aparır. “Ernst & Young”, bir müddət əvvəl nəşr etdiyi hesabatında İslam bankçılığı sənayesinin son illər 16% (ənənəvi bankçılığın böyümə nisbətindən yüksək) ətrafında böyüdüyünü və aktivlərinin 2012-ci ildə 1,54 trilyon dollara çatdığını açıqlayıb.



Yeni bankın qurulmasında “Deloitte” ilə birlikdə işləyən İslam fondu “Excellencia Investment Management”in partnyoru Ammar Dabbour, “Avropa Birliyindəki 20 milyondan çox Müsəlman İslam maliyyəsinin böyümə potensialı üçün əhəmiyyətli bir bazar təqdim edir,” -deyə danışıb. “Eurisbank”, hal-azırda İslam bankçılığı xidmətləri təqdim edən “HSBC” “BNP Paribas” kimi böyük banklarla rəqabət edə bilər.



Bankın baş ofisinin Lüksemburqda olması, ölkənin özünü İslam maliyyəsi mərkəzi kimi təqdim etməsi səbəbilə qeyri-adi bir vəziyyət deyil. İslam banklarının gəlirlilik nisbətinin ənənəvi banklarla müqayisədə orta hesabla 18% aşağı olacağını təxmin edən “E&Y”, islam banklarının son illərdə əldə etdiyi sürətli böyümənin əməliyyat qarışıqlığı və çətinliyi səbəbilə xərcli olduğu qənaətindədir.