ABŞ-ın Patent və Əmtəə Nişanları Bürosunun (United States Patent and Trademark Office – USPTO) saytında Google TV platforması üçün səslə idarə olunan sistemin yaradılmasına dair ərizə dərc edilib. Patent öz xüsusiyyətlərinə görə Apple şirkətinin Siri servisi ilə oxşar olan səslə idarəetmənin “bulud” sistemini təsvir edir. Sistemə komandalar Android-smartfon vasitəsilə verilir və bundan sonra “bulud”da emal olunaraq “ağıllı (smart) televizor” a göndərilir.
Ərizədə digər məlumatlarla yanaşı uzaqdan idarəetmə üsulları da yer alıb. Belə ki, istifadəçi evə yaxınlaşan zaman komanda verir, evin astanasında olanda isə sistem televizoru aktivləşdirir və əvvəlcədən istənilən telekanalı işə salır. Bundan başqa, sistem istifadəçi evdə olmayanda verilişi avtomatik yazmağa imkan verəcək.
Qeyd edək ki, Google televizor və ya ona oxşar texnikanın səslə idarə olunması servisini hazırlayan heç də yeganə şirkət deyil. Əvvəllər səslə idarə olunan TV qəbuledicisi barədə Lenovo şirkəti bildirib, eləcə də Samsung öz işləməsini nümayiş etdirib. Bu funksiyanın Apple TV-də də yer alacağı gözlənilir, Onlineryazır.