"AtaBank" ASC-nin 2013-cü ilə maliyyə təsərrüfat nəticələri uğurlu olub. Belə ki, ötən il aktivlərin dinamikasında 30,4% və ya 87,3 mln manat artım müşahidə olunmuşdur.



Başqa sözlə, ilin əvvəlində aktivlər 287,6 mln manat təşkil edirdisə, ilin yekunlarına görə bu rəqəm 374,9 mln manata çatmışdır. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərə çarpacaq dərəcədədir.



Artım 28,3% və ya 53,3 mln manat təşkil etmişdir. Beləliklə, ilin əvvəlində kredit portfeli üzrə göstərici 188,5 mln manat olduğu halda, yekunda bu rəqəm 241,7 mln manatı aşmışdır. 2013-cü ilin yekunlarına görə bankın ümumi depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 30,9% və ya 75,2 mln manat artaraq, 318,7 mln manat təşkil etmişdir.



Qeyd edək ki, 2013-ci ilin əvvəlinə bu göstərici 243,5 mln manat təşkil edirdi. Müddətli depozit portfeli isə 189,6 mln manatdan 54,5 mln manat və ya 28,7% artaraq 244,1 mln manat təşkil etmişdir. 2013-ci il ərzində fiziki şəxslərin müddətli əmanətlərinin böyük artım dinamikası qeydə alınıb. Belə ki, ilin əvvəli ilə müqayisədə fiziki şəxslərin müddətli əmanətləri 28,4% artaraq 172,7 mln manatı keçmişdir.



İlin sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1,8% və 19,4% təşkil etmişdir. 2014-cü ilin əvvəlinə bankın bankomatlarının sayı 80, şəbəkəsinə qoşulmuş POS terminal sayı isə 8188 ədəd olmuşdur. İlin nəticəsinə görə bankın xalis mənfəəti 5,6 mln. manat təşkil etmişdir.




2013-cü il “AtaBank” ASC üçün təkcə yüksək maliyyə göstəriciləri ilə deyil, habelə əlamətdar hadisələrlə də yadda qalmışdır. Ötən il 20 illik yubileyini qeyd edən “AtaBank” ASC və 10 illik yubileyini qeyd edən “AtaHolding” ASC Heydər Əliyev Mərkəzində təntənəli tədbir təşkil edərək Azərbaycan bankçılıq və reklam bazarında bir sıra premyeralara imza atmış bank olmuşdur.



Belə ki, ötən aylarda mətbuatda ən çox işıqlandırılan tədbirlərdən biri olan həmin yubiley gecəsində Azərbaycan tamaşaçılarının diqqətinə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri əsasında 1945-ci ildə çəkilmiş və baş rollarını korifeylərimiz Rəşid Behbudov və Leyla Bədirbəylinin ifa etdikləri eyniadlı filmin bərpa edilmiş və rənglənmiş versiyası təqdim olundu.



“AtaBank” ASC həmin gecədə Azərbaycan bankçılıq və reklam bazarında ilk dəfə Almaniyanın məşhur “Die Mobiles” kölgələr teatrının iştirakı ilə böyük rəğbət qazanmış imic reklam çarxını və möhtəşəm qeyri-adi “Bakı” şousunu təqdim etdi. Digər bir ilk də məşhur amerikalı rəssam Den Dannın canlı musiqinin sədaları altında 5 dəqiqə ərzində tikinti boyaları istifadə etməklə Rəşid Behbudovun portretini çəkməsi oldu. 2013-cü ilin əsas uğurlarından biri də “AtaBank” ASC-nin depozit siyasətinə yenidən baxaraq vətəndaşlara “Universal”, “Yığım” və “VIP” əmanət növlərini təqdim etməsi oldu.



Bu əmanətlər bankçılıq bazarında yüksək gəlirlikləri ilə seçilirlər. 2013-cü ilin əvvəlindən ilin sonuna qədər sərfəli kredit məhsulları təqdim edən “AtaBank” ASC bu istiqamətdə də yüksək uğurlar əldə edərək geniş müştəri kütləsi cəlb etmişdir. Nağdsız ödənişlərin stimullaşdırılmasına dair dövlət proqramını dəstəkləyən bank ötən il olduğu kimi bu il də “Nağdsız ödə, nağd qazan” ani stimullaşdırıcı lotereya kampaniyasına da davam edəcəkdir. Əldə olunan uğurlar 2014-ci ildə bankın, onun əməkdaşlarının üzərinə düşən məsuliyyəti daha da artırır.



Daim bir addım öndə olmağı qarşısına prioritet məqsəd kimi qoyan "AtaBank" ASC bu il də iş sistemini bir qədər təkmilləşdirmək, müştəri məmnunluğunu yüksək səviyyədə saxlamaq məqsədi ilə yeni layihələri həyata keçirmək niyyətindədir. Cari ildə maliyyə göstəricilərinin artımı və institusional inkişafın uğurla davam etdirilməsi də inkişaf strategiyasının ayrılmaz hissəsidir.



Eyni zamanda bank bir neçə elektron şöbənin və filialın açılışını da planlaşdırır. 2014-cü ildə yeni xidmətlərin tətbiqi, əməkdaşların peşəkar səviyyəsinin təkmilləşdirilməsi, müştərilərin maliyyə savadının artırılması, beynəlxalq reytinq agentliklərindən yüksək reytinqlərin alınması qarşıya qoyulan başlıca məqsədlərdəndir. Hazırda bankın 2013-ci il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini beynəlxalq audit şirkəti olan "Deloitte&Touche" həyata keçirir.