Dünən, 12 fevral tarixində, Azərbaycanın qabaqcıl banklarından biri olan “AtaBank” ASC Ş.Bədəlbəyli 102 ünvanında yerləşən Baş ofisində özünün yeni “AtaNet” internet bankçılıq məhsulunun təqdimat mərasimini keçirdi.
Tədbirdə bankın VİP müştəriləri iştirak etmişdir. Təqdimat mərasimində yeni xidmətdən istifadənin təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilmişdir, məhsul beynəlxalq standartlara uyğun hazırlanıb və bir neçə səviyyəli mühafizə ilə təmin olunub.
“Bir addım öndə” şüarını hər zaman öz işində rəhbər tutan “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü-İcraçı direktor Elnur Osmanov təqdimat mərasimində çıxış edərək, bildirmişdir ki, “AtaBank” Azərbaycan bankçılıq bazarında yeniliklər etməklə öz sözünü demiş bankdır. Bu dəfə yenilik isə ondan ibarətdir ki, “AtaNet” məhsulu Elektron imza – ASAN imza ilə inteqrasiya olunmuş ilk və yeganə internet bankçılıq məhsuludur. Bu məhsul korporativ biznes nümayəndələrinin, fərdi sahibkarların və VIP müştərilərin ehtiyacına və tələblərinə uyğun olaraq işlənib hazırlanmışdır.
E.Osmanov qeyd etmişdir: ““AtaNet” – demək olar ki, ənənəvi bankçılıqda mümkün bütün əməliyyatları yerinə yetirməyə imkan verən müasir bankçılıq sistemidir. Xidmətdən istifadə etmək üçün xüsusi avadanlıq və proqram təminatı almaq lazım deyil, bunun üçün sadəcə Bankın veb-səhifəsinə daxil olmaq lazımdır. Bu gün biz yalnız VIP müştərilərimizin bəziləri üçün təqdimat etdik, lakin yaxın günlərdə digər müştərilərimiz, geniş ictimaiyyət və KİV üçün “Excelsior” otelində böyük təqdimat mərasimi keçirəcəyik."
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.