Azərbaycanın ən iri banklarından biri olan "PAŞA Bank" rüblük əsasda ölkə üzrə iqtisadi icmalları hazırlamağa davam edir. Növbəti icmalda cari ilin 6 ayında xarici sektorun iri həcmli profisiti və fiskal konsolidasiya şəraitində ölkə iqtisadiyyatında artımın davam etdiyi göstərilmişdir.



Dövr ərzində iqtisadi artımın əsas aparıcı qüvvəsi qeyri-neft sektoru olmuş və qeyri-neft iqtisadiyyatının bütün sahələri ümumi artıma pozitiv töhfə vermişdir. PAŞA Bankın iqtisadi araşdırmalar şöbəsinin müdiri Elman Eminovun sözlərinə görə, büdcənin investisiya xərclərinin azaldılması və ölkə daxili ərzaq istehsalının genişlənməsi idxalı azaltmış, nəticədə qeyri-neft sektorunun cari əməliyyatlar balansı yaxşılaşmışdır.



"İllik inflyasiya səviyyəsi birrəqəmli olaraq qalmış və ilin sonuna inflyasiya təzyiqlərinin aktivləşəcəyi ehtimalının aşağı səviyyədə olduğu müəyyənləşdirilmişdir. Bütövlükdə, ölkənin güclü makroiqtisadi tarazlığı dövlət-özəl tələbi arasındakı yenidən balanslaşma proseslərinin uğurla idarə olunmasına geniş imkanlar açır", - deyə E.Eminov bildirmişdir.



"İlin əvvəlində Azərbaycanın ilk dövlət istiqrazlarının beynəlxalq bazarlarda uğurla yerləşdirilməsi ölkənin kapital bazarlarına olan xarici marağı artıra bilər. Mərkəzi Bankın son dövrlər atdığı prudensial addımlar iqtisadiyyatın bazar-əsaslı maliyyələşməsini daha da sürətləndirəcək. PAŞA Bank daxili və regional ekspansiyasına uyğun olaraq bu proseslərdə aktiv rol almaq əzmindədir", -deyə Bankın İnvestisiya Bankçılığı və Xəzinədarlıq departamentinin direktoru Ahmet Üstmen bildirib.



Qeyd edək ki, icmal rüb ərzində ölkə iqtisadiyyatında müşahidə olunan proseslər, maliyyə-bank sistemi və maliyyə bazarlarında mövcud vəziyyət, əsas siyasət dəyişiklikləri və ilin sonuna iqtisadi artım gözləntilərini özündə birləşdirir. Azərbaycan və ingilis dillərində hazırlanan icmal bankın mövcud və potensial müştərilərinə öz biznes hədəflərinə çatmaq üçün makro və mikro-iqtisadi trendləri daha yaxından təqib etmək imkanı yaradacaq.