“AtaBank” ASC-nin 2014-cü ilin İyul ayının maliyyə nəticələri uğurlu olmuşdur. Belə ki, 2013-ci ilin sonu ilə müqayisədə aktivlər 5,4 % və ya 20,4 mln. manat artaraq 395,3mln. manat olmuşdur.
Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də əhəmiyyətli dərəcədə artım olmuşdur. Ümumi kredit portfeli 9,8% və ya 23,8 mln. manat artaraq 265,5 mln. manat təşkil etmişdir.
Hesabat tarixinə bankın depozit portfelində nəzərə çarpacaq dərəcədə artım müşahidə olunmuşdur. Belə ki, bu göstərici 2,4% və ya 5,9 mln. manat artaraq, 250,0 mln. manat təşkil etmişdir. Qeyd edək ki, 2013-ci ilin sonunda bu göstərici 244,1 mln. manat təşkil etmişdir. 2013-ci ilin sonu ilə müqayisədə nizamnamə kapitalı 18,7 % və ya 7,0 mln. manat artaraq 44,5 mln. manat olmuşdur.
1993-cü ildən fəaliyyət göstərən "AtaBank" hazırda 25 filialla ölkə əhalisinin xidmətindədir. Bankın filiallarından 12-i Bakı şəhərində, 13-i isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. Daha ətraflı məlumat üçün www.atabank.com saytına və ya www.facebook.com/atabank səhifəsinə daxil olmaq olar.