ABŞ-ın Nevada ştatında Google şirkətinin avtonom idarəetmə ilə işləyən avtomobilləri ilk dəfə olaraq ümumi istifadəli yollara buraxılıb.


Lakin insanın iştirakı olmadan belə avtomobillərdə gəzmək hələ ki mümkün deyil. Qaydalara əsasən, avtonom idarəetmə ilə işləyən hər avtomobili azı iki nəfər texniki işçi müşayiət etməlidir. Birinci texniki işçi sürücünün yerində əyləşməli və lazım olduqda avtomat rejimdən idarəetməni almağa hazır olmalıdır. Sərnişin oturacağında əyləşən ikinci şəxsin vəzifəsi isə vəziyyətə nəzarət etməyə yardımçı olmaqdır.
“Biz Nevadada avtonom nəqliyyat vasitələrinin sınağı üçün ilk lisenziyanı aldığımıza görə çox şadıq. Əminik ki, bu, bizə texnologiyanın hazırlanmasını sürətləndirməyə və son nəticədə yolları daha təhlükəsiz və sürülmə üçün rahat etməyə imkan verəcək”, - deyə Google nümayəndələri bildirib.
 
Cnews-un məlumatına görə, Google yollara azı səkkiz belə maşın buraxmağa hazırlaşır. Onların sırasına altı Toyota Prius, bir Audi TT və bir Lexus RX450h markalı maşınlar daxildir. Son nəticədə Google avtonom avtomobilləri kütləvi istifadəyə verməyi planlaşdırır. İnternet-nəhəngi bunu avtomobil konsernlərinə bu növ maşınların istehsalı üçün lisenziyanın satılması vasitəsilə həyata keçirməyi nəzərdə tutur.
2010-cu ildən sınaqlar zamanı Google şirkətinin “gələcəyin avtomobilləri” artıq 220 min kilometrdən çox məsafə qət ediblər. Avtomobilin idarəetmə sistemi videokamera, radar və digər maşınları izləmək üçün lazer məsafəölçən aparatından ibarətdir, eləcə də bura Google Maps avtomobillərinin köməyi ilə toplanan məlumatlar daxildir.