Bu gün onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank” Kurt fon Şaydtın xarici valyutalarla ticarət bölməsinin rəhbəri vəzifəsinə təyinatı barədə elan edib. Sinqapurda “Saxo Bank”da 2008-ci ildə fəaliyyətə başlayan Kurt fon Şaydt FX Opsionları, FX API və xüsusi brokerlik fəaliyyəti bizneslərinin inkişafında əhəmiyyətli rol oynayıb. Qeyd edək ki, o, öz fəaliyyətini Qlobal Bazarlar bölməsinin direktoru Klaus Nilsenin rəhbərliyi altında davam etdirəcək.
“Saxo Bank”a gəlməzdən öncə fon Şaydt GFI, “Commerzbank”, “Deutsche Bank”ın Londondakı biznesin idarəedilməsi və İT sahələri üzrə çalışıb. “Saxo Bank”da bir sıra digər yeni təyinatlar da olub. Belə ki, 2007-ci ildən “Saxo Bank”da FX opsionları və nağd sövdələşmələr üzrə treyder vəzifəsində fəaliyyət göstərən Dan Larsen artıq Kopenhagendə FX nağd, forvard və opsion ticarəti üzrə komandada çalışacaq. Yes Yorqenson da Kopenhagendə “Saxo Bank” heyətinə FX opsionları üzrə aparıcı treyder qismində qoşulub. Yorqenson əvvəllər “Danske Bank”da baş diler və daha sonra FX opsion ticarəti üzrə komandaya başçılıq edib ki, burada onun səlahiyyətlərinə məhsulun işlənib hazırlanması, yeni qiymətləndirmənin həyata keçirilməsi və risklərin idarəolunması əlavə edildi. Eyni zamanda “Saxo Bank” Qustav Reunerin FX bölməsinin rəhbəri vəzifəsində beş illik fəaliyyətindən sonra bankdan ayrılmasını bildirir.
Bankın strukturundakı dəyişiklikləri şərh edən Klaus Nilsen bildirib: “Qustava bu illər ərzində verdiyi töhfələrə görə təşəkkürümü bildirirəm. Onun Danimarkanı tərk etməsi ilə bağlı qərarına hörmətlə yanaşırıq və gələcək işlərində uğurlar arzulayırıq. Kurtun şəxsi təşəbbüskarlığı və ambisiyaları bazarın elektronlaşması və gözlənilən normativ dəyişikliklər tendensiyası şəraitində Bankın xarici valyutalar biznesinin inkişaf etdirilməsində əhəmiyyətli rol oynayacaq. Həmçinin uzun illər ərzində yüksək fəaliyyət göstəricilərinə malik Dan Larsenin səlahiyyətlərinin artırılmasını, Yes kimi sənaye veteranının bizə qoşulmasını qürurla bildiririk”. “Multi-aktivlər üzrə ticarət təkliflərinə baxmayaraq xarici valyuta əməliyyatları “Saxo Bank”ın gəlirlərinin təqribi olaraq 60%-ni təşkil edir. Xarici valyutalar üzrə yeni aparıcı komandanın təşkil olunması “Saxo Bank”ın valyuta analizlərinin daha da genişlənməsinə şərait yaradacaq. Qeyd edək ki, müştərilərimiz bu analizlərdən mükafatlara layiq görülmüş platformalarımızda, o cümlədən məzmun, treydinq və hesab məlumatlarını birləşdirən yeni, intuitiv SaxoTraderGO platformasında yararlana bilərlər”, - deyə K. Nilsen bildirib.
“Saxo Bank” haqqında:
“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.