Onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan “Saxo Bank” Soren Kaylın əməliyyatlar üzrə baş direktor vəzifəsinə yeni təyinatı və 2016-cı il yanvarın 1-dən etibarən bankın İdarə Heyətinə üzvlüyü barədə bildirir. Onun təyinatı şirkətin idarə strukturunun gələcəkdə daha da möhkəmlənməsi və bankın rəqəmsal, həmçinin əməliyyatlar üzrə dəyər zəncirinin optimallaşdırılmasına xidmət edəcək.



Yeni təşkil olunmuş bu vəzifədə Soren Kayl gündəlik əməliyyatlar və icra proseslərinə görə cavabdeh olmaqla bankın rəqəmsal fəaliyyəti, marketinq, məlumat analizi və “Saxo Privatbank” sektorlarının işinə nəzarət edəcək. Soren Kayl “Saxo Bank”a gəlməzdən öncə “Danske Bank”da bank əməliyyatları bölməsinin direktoru və “C&I” (Korporativlər və İnstitular) bölməsinin əməliyyatçı direktoru vəzifələrində çalışıb. “Danske Bank”da 13 illik karyerası ərzində Kayl “Danske Markets”də satış bölməsinin direktor müavini və qlobal satış üzrə direktor, qlobal tədqiqat bölməsi, birja analizi və biznesin inkişafı bölmələrinin rəhbəri kimi çalışıb. Soren Kayl Kopenhagen Universitetinin iqtisadiyyat üzrə fəlsəfə elmləri doktoru dərəcəsinə və maliyyə sahəsində mükəmməl biliklərə malikdir ki, bu da onun peşəkar təcrübəsi ilə birgə “Saxo Bank”ın inkişafını möhkəmləndirmək, həmçinin mühüm hədəflərə nail olmaq üçün əhəmiyyətlidir.



“Saxo Bank”ın həmtəsisçiləri, həmçinin icraçı direktorları olan Kim Furne və Lars Seyer Kristensen birgə bəyanatlarında bildiriblər: “Soren Kaylın təyinatı rəqəmsal fəaliyyətin effektivliyi və əməliyyatların inkişafı baxımından bankın təşkilati strukturunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə şərait yaradacaq ki, bu da “Saxo Bank”ın strategiyasının bir hissəsidir. Biz inanırıq ki, Soren Kaylın komandamıza qoşulması şirkətin inkişafının təmin edilməsi və mühüm hədəflərə nail olmasına yardımçı olacaq. Rəqəmsal texnologiyalar dövründə biznesin inkişafında onun bilikləri və peşəkar təcrübəsi əvəzedilməzdir”. Bundan başqa, Soren Kayl icraçı direktor və təsisçi Kim Furne və Lars Seyer Kristensen, həmçinin maliyyə və risklər üzrə direktor Stin Blaafalk ilə birgə idarə heyətinə üzv olacaq.



“Saxo Bank” haqqında:



“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyə ictimai portalı multi-aktivlərin online ticarəti üçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır. Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privatbank” vasitəsilə peşəkar portfolio və pul vasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “Saxo Bank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.